"İqlim dəyişiklikləri Xəzər regionunda hiss olunur".
Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Şəhərlər bağlantının mərkəzində: Yenidənqurma və regional əməkdaşlıq" mövzusundakı xüsusi sessiyada deyib.
O bildirib ki, güclü yağışlar, su səviyyəsinin artması yeni çağırışlar formalaşdırır:
"Bu, ekoloji təhlükəsizlik, insanların həyat keyfiyyəti ilə bağlıdır. Xəzər dünyanın ən qapalı su hövzəsidir. Son illərdə ciddi dəyişikliklər müşahidə olunur. Buna görə də sistemli addımlar atılmalıdır. Bu, iqtisadi, sosial problem kimi qiymətləndirilməlidir. Risklər müəyyən edilməlidir. Burada mühüm məsələ odur ki, Xəzər üzrə qərarlar epizodik deyil, elmi araşdırmalara söykənməlidir. Yağış sularının idarə olunması, yaşıl zonalarının müəyyənləşdirilməsi əsasdır. Yerli səviyyədə icra potensialı gücləndirilməlidir. Regionun sahilyanı ölkələri üçün çağırışlar oxşardır. Biz məlumat mübadiləsi ilə kifayətlənməməliyik. Birlikdə fəaliyyət göstərməli, yeni layihələr həyata keçirməliyik. Xəzəryanı dövlətlər ikitərəfli əməkdaşlıq da etməlidir".