Azərbaycanın “Reklam haqqında” Qanununun qəbulundan artıq neçə illər keçib. 1997-ci ildə qəbul olunmuş reklam haqqında qanun həm qanun olaraq, həm də praktiki olaraq öz funksiyasını itirib. Qeyd etdiyim qanun yeni inkişaf etməyə başlayan Azərbaycan iqtisadiyyatı üçün hesablanmışdı. Bu qanunla heç bir məsələni həll etmək olmur. Reklam elə bir məsələdir ki, orada siyasət olmalıdır. Bir də qanunlar yenidən işlənməlidir. Bütün bunlar olmasa, biz reklamın gələcək inkişafını görə bilmərik.
Bu sözləri Oxu.Az-a Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev bildirib.
Onun sözlərinə görə, Milli Məclisdə “Reklam haqqında” Qanuna düzəlişlərə yenidən baxılacaq.
“Çox güman ki, birinci oxunuşda səsə çıxarılacaq. Yəni, “Reklam haqqında” Qanunun işlənməsi zamanı bir neçə istiqamətdə düzəlişlər etmək lazımdır. Bunlardan biri də özünütənzimləmə prinsiplərinin işlənməsidir. Bütün dünyada reklam bazarının özünütənzimləmə prinsipləri var. Belə ki, Azərbaycanda bazarın özünütənzimləmə mexanizmləri olmadığına görə, dövlət nəzarətini həyata keçirmək çətin olur”.
Hacıəmi Atakişiyev Bakının gözəlliyini pozan eybəcər reklamlara da toxundu.
“Bakı şəhəri Reklam və İnformasiya İdarəsi yeganə dövlət təşkilatıdır ki, bu məsələləri idarə edir. Bu sahəyə dövlət tərəfindən güclü nəzarət olunmalıdır. Çünki onun tərkibində olanlar çoxlu sayda dilçi, jurnalist, TV işçiləri reklam agentliklərini nəzarətdə saxlaya bilmir. Onlara maaş da verə bilmirlər.
Ona görə bu məsələləri nəzarətdə saxlamaq olmur. Kim gəldi, kimə istəyir yer verir, reklamı yerləşdirir, nə onun dilinə, nə rənginə, nə də işıqlandırılmasına baxılır. Reklamverən də onu istədiyi şəkildə yayımlayır”.