İnternetdə paylaşılandan sonra qısa müddət ərzində məşhurlaşan tarix müəlliminin dərsdə xronologiyanı rep halına salaraq uşaqlara öyrətdiyi görüntülərdən sonra bir çox adam həmin müəllimin kim olduğu ilə maraqlanıb.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun müxbirləri həmin müəllimin dərs dediyi kəndə gedərək onunla həmsöhbət olublar.
Həmin reportajı təqdim edirik:
Kim olduğunu xatırlaya bilməsəm də, sosial şəbəkə istifadəçilərindən biri müəllimin videosunu paylaşaraq “bu insanı tapmaq, çəkmək lazımdır”, - deyə bir cümlə yazmışdı. Odur ki, biz də “Qafqazinfo” olaraq bu dəfə Həbib müəllimin sorağı ilə yolumuzu Lənkəranın Gəgiran kəndindən saldıq...
Xoşbəxtlikdən müəllimlə əlaqə saxladığımız zaman məlum oldu ki, eyni qatar vaqonuna bilet almışıq və söhbətləşmək üçün uzun bir gecə bizi gözləyir. Cümləmin girişindəki xoşbəxtlikdən sözünü əbəs yerə yazmamışam, səhər kəndə getmək üçün nəqliyyat vasitəsi axtardığımız zaman axşamkı bu təsadüfün həqiqətən xoşbəxtlik olduğunun bir daha şahidi olduq. Çünki kəndə gedən hər hansı bir avtobus yoxdur. Əvvəlcə, Lənkərandan avtobusla Masallının bir kəndinə, oradan da torpaq yolla Gəgiran kəndinə yollanırıq. Ancaq kəndin yolu bərbad vəziyyətdə olduğu üçün oraya yalnız “NİVA” markalı avtomobillərlə qalxmaq mümkündür. Bu səbəbdən də qabaqcadan kənd sakinlərinə zəng vurub avtomobil sifariş verməlisiniz. Bir gediş-gəliş isə 10-15 manata başa gəlir.
Həbib müəllim deyir ki, Astaranın Şüvi kəndində yaşayır və dərsi olanda bir gün əvvəlcədən yola çıxır. Mənzil başına çatmaq üçün, hətta yol kənarında 6-7 saat avtomobil gözlədiyi günlər də olur. Bəzən isə müəllimlərdən kimsə onun dadına çatır. Qeyd etdiyim kimi, yollar çala-çuxur olduğundan 20 dəqiqəlik məsafəni bir saatdan çox bir vaxta getmək olur. O da ki, əgər avtomobiliniz yolda qalmazsa. Çünki kənd sakinləri deyir ki, bu yolu bir dəfə gedib gəldikdən sonra avtomobil mütləq ustaya göstərilməlidir.
Bilirəm, hər ucqar dağ kəndinə getdikdən sonra ən azı bir abzası bu yolların vəziyyətindən yazmağa həsr edirəm, inanın kı, dəyər. Kənddə öyrəndik ki, vay o adamın halına ki, birdən qəfil səhhətində narahatlıq yarana... Çünki yolların bu vəziyyətini bilən təcili yardım əməkdaşları kəndə gəlməkdən imtina edir. Misal üçün, ötən həftə bir müəllimin halı pisləşib, bir neçə zəngdən sonra həkimləri gəlməyə razı salıblar, onlar da 4-5 saat sonra kəndə çatıblar.
Bütün bu çətinliklərə baxmayaraq, Həbib müəllimin Gəgiran kəndini seçməsinin bir məqsədi var: peşəsinə olan sevgisi. İki il əvvəl müəllimlərin işə qəbul imtahanında topladığı 51 balla şəhərə təyinat almaq şansı olsa da, o, ucqar bir kənddə təhsil verməyi üstün tutub: “Düşündüm ki, bu uşaqların bizə daha çox ehtiyacı var. Müəyyən çətinliklər var, ancaq hər dəfə onların üzündəki təbəssümü görəndə hər şeyi unuduram. Bu il bir şagirdimlə qəbul imtahanına hazırlaşırıq. Hədəfimiz tarixi 100% yazmaqdır. Bu, həm mənim, həm də məktəbin tarixində böyük bir hadisə olacaq”.
İ.N.