İyulun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya açıqlamasında bildirdiyinə görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 50-60, gündüz 35-40 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 25-26, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində isə 26-27 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.