Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturunun gecə 22-25, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sentyabrın 5-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 5-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi nəticəsində temperaturun nisbətən enməsi meteohəssas insanlar üçün müsbət amildir. Sentyabrın 6-7-də iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.