Şabranın Leyti kəndindəki qədim qəbiristanlıq vandalizmə məruz qalıb.
Oxu.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, kənd sakinlərinin bildirdiklərinə görə, məzarlardan birinin üstü naməlum şəxslər tərəfindən açılıb.
Ehtimala görə, açılan qəbir VII əsrdə bölgədə tanınan din xadimi Şeyx Şəmsəddinin uyuduğu məzardır. Yerli sakinlər tərəfindən ziyarətgah kimi qorunan bu məzarın üstünün açıldığını ərazidən keçən kənd sakinləri görüblər.
İnsanların müqəddəs yer hesab etdikləri qəbiristanlıqda bunu kim və niyə edib? Kənd sakinləri hesab edirlər ki, ya kimsə onların inanclarına hörmətsizlik etmək məqsədilə bu əməli törədib, ya da qəbri qazanlar burada hansısa qiymətli əşyanın basdırıla biləcəyini düşünüblər.
Maraqlısı budur ki, hadisədən bir neçə gün sonra Leyti kəndinin sakinləri yaxınlıqdakı digər qəbiristanlıqda da oxşar mənzərə ilə qarşılaşıblar. Oradakı qəbirlərdən biri də sökülüb və burada da qazıntı aparılıb. Sonradan qazılmış hissənin üzəri torpaqla qismən örtülüb.
Hadisə nəzarətə götürülüb. Fakt üzrə araşdırma aparılır. Qəbirlərin hansı məqsədlə açıldığı və qazıntını kimin həyata keçirdiyi araşdırmanın nəticəsində müəyyənləşdiriləcək.