Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şah İsmayıl Xətai mövzusuna dönüşün əsasını qoyan Əzizə Cəfərzadənin doğum günüdür - FOTO
Tanınmış yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadənin doğum günüdür. Yaşasaydı, bu gün 102 yaşını qeyd edəcəkdi.
Oxu.Az ictimai xadimin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Xatırladaq ki, Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. İbtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxuyub, 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1944-1946-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışıb. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.
Ədəbi fəaliyyətə 16 yaşında başlayıb və “Əzrayıl” adlı ilk hekayəsini 1937-ci ildə “Ədəbiyyat” qəzetində çap etdirib. İlk kitabı 1948-ci ildə çap edilib, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılıb. Yazıçının nəsr əsərləri əsasən tarixi roman janrında yazılıb. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirib. Onun “Sahibsiz ev” (1966), “Əllərini mənə ver” (1970), “Sənsən ümidim” (1984), “Xəyalım mənim” (2002) kimi bir sıra povestlərinin mövzusu müasir həyatdan götürülüb. “Qızımın hekayələri” (1964), “Anamın nağılları” (1982), “Çiçəklərim” (1988), “Pişik dili” (2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllardır.
Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib ki, bunlara “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr, 2003), “Şirvanın üç şairi” (1971), “Mücrüm Kərim Vardani. Sünbülüstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) daxildir. Onun bir çox toplayıb çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməyib. Bu kitablar vasitəsilə o, qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut edib. Bu əsərlərlə yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilib.
Səfəvilərin hakimiyyəti və o dövrdə baş verən tarix hadisələri, eləcə də Şah İsmayıl Xətainin şəxsiyyətini, sərkərdəliyini ön plana çıxardığı “Bakı-1501” (1971) romanı Əzizə Cəfərzadənin yaradıcılığında xüsusi yer tutur. Əslində, Şah İsmayıl Xətai mövzusuna dönüşün əsasının Əzizə Cəfərzadənin bu əsəri ilə qoyulduğunu demək olar. Romanın epiloqunda Şah İsmayıl şəxsiyyətinin və mübarizəsinin simvolu kimi dil, qeyrət, və vətən sevgisi göstərilib.
O, “Natəvan” adlı kinossenari, çoxlu sayda radio-televiziya pyesləri, xatirat və saysız hesabsız bayatı yazıb. Əzizə xanım folklorun vurğunu idi, “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya - radioda çıxışları onu xalqın sevimlisi edib. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malayziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşdur. Bu ölkələrin kitabxanalarından tarixi əsərlərlə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazmışdır. Bunlardan birində 1965 - 1966-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya səfərinin gündəlikləri “Qızıl sahilə səyahət” (1968) xatiratını yazmasıdır.
Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşub və vəsiyyətinə əsasən, Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib.
Rəylər