Səhər saatlarında poliklinikada elektrik enerjisinin kəsilməsi burada tibbi xidmət almaq üçün gələn vətəndaşların işini çətinləşdirib.
Oxu.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, söhbət Şamaxı Rayon Mərkəzi Xəstəxanasından gedir.
Bir neçə saat davam edən fasilə nəticəsində həm xidmətlərin göstərilməsində, həm də elektron sistemdən istifadə zamanı problemlər yaranıb.
Sakinlərin sözlərinə görə, problem yalnız elektrik enerjisinin kəsilməsi ilə məhdudlaşmır. Bəzi hallarda elektron sistemin işləməməsi də növbələrin yaranmasına səbəb olur.
Məsələ ilə bağlı Şamaxı Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, elektrik enerjisinin qısamüddətli kəsilməsi ambulator tibbi xidmətlərin göstərildiyi Poliklinika şöbəsinin yerləşdiyi binada baş verib.
Tibb müəssisəsinin digər şöbələrində tibbi xidmətlərin göstərilməsi fasiləsiz davam etdirilib, pasiyentlərin tibbi xidmətə çıxışı və müalicə prosesi əvvəlki qaydada təmin olunub.