Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu gün Macarıstana səfər edəcək. Bu, onun sözügedən ölkənin uzunillik baş naziri Viktor Orbanın hakimiyyətdən uzaqlaşdırılmasından sonra həyata keçirilən ilk belə səfəridir.
Bu barədə Oxu.Az "Reuters"ə istinadən xəbər verir.
Səfəri ilə bağlı fikirlərini bölüşən Vadeful vurğulayıb ki, bu gedişi Orbanın idarəçiliyi başa çatdıqdan sonra əlaqələrin operativ şəkildə bərpa edilməsi üçün bir fürsət kimi dəyərləndirir.
Nazirin sözlərinə görə, qarşıda hələ xeyli iş var:
"Lakin Macarıstanda baş verən siyasi dəyişikliklər münasibətlərimizi qarşılıqlı etimad və etibarlılıq prinsipləri əsasında tez bir zamanda yenidən qurmağa imkan yaradır".
Qeyd edək ki, bu, Almaniya XİN rəhbərinin 2019-cu ildən bəri Macarıstana edəcəyi ilk səfər olacaq. Almaniya tərəfi Viktor Orbanın 16 illik hakimiyyətindən sonra bu il baş nazir postuna keçən Peter Madyarın rəhbərliyi altında münasibətlərdə yaranan yeni mərhələni müsbət qarşılayıb.