Macarıstanın Milli İstintaq Bürosu (NNI) ölkənin keçmiş baş naziri Viktor Orban tərəfindən ehtimal olunan cinayətin törədilməsi barədə bildiriş aldıqlarını təsdiqləyib.
Oxu.Az-ın "ATV Magyarország" telekanalına istinadən verdiyi məlumata görə, müraciətə səbəb onun müqavimət göstərmək üçün "müvafiq alətlər" paylamağa hazır olması barədə səs-küy yaradan bəyanatları olub.
Oktyabr ayının əvvəlində Lakitelek şəhərində keçirilən görüşdə çıxış edən Orban "milli müqavimət" konsepsiyası ilə bağlı sualı cavablandırarkən, öz siyasi əhatəsinin bu cür hərəkətlərə artıq hazır olduğunu vurğulayıb.
"Ölkəmiz hələ bunu etməyə imkan verəcək vəziyyətdə deyil. Amma biz hazırıq. Biz düzgün alətləri paylaya bilərdik - kimə nə düşərsə, daha küt və ya daha iti bir şey", - telekanal siyasətçinin bu sözlərini sitat gətirib.
Bu açıqlama siyasi dairələrdə kəskin reaksiyaya səbəb olub. Macarıstanın Baş naziri Peter Madyar öz sələfini silahlı üsyana çağırışda və konstitusiya quruluşunu zorla devirməyə cəhddə günahlandırıb.
Hüquq-mühafizə orqanları sabiq baş nazirin hərəkətlərinin konkret maddə çərçivəsində tövsif edilib-edilmədiyini və rəsmi cinayət işinin başlanıb-başlanmayacağını hələlik açıqlamırlar.
Bir müddət əvvəl Orbanın ailəsinin ölkəni tərk etməsi və əmlakını satması barədə məlumatlar yayılıb. Macarıstanın sabiq baş nazirinin qızı əri və uşaqları ilə birlikdə artıq Londonda məskunlaşıb.