Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobilinin partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, may ayının 7-də saat 11:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Saray qəsəbəsindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1995-ci il təvəllüdlü şəxs (kişi) üz nahiyəsinin termiki yanığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospital olunub.
Üzün, boynun, hər iki saidin, əllərin arxa səthinin II-III dərəcəli yanığı diaqnozları təyin edilən pasiyentə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Daha ixtisaslı xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində zəruri tibbi yardım göstərilən şəxsin vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobili partlayıb.
Oxu.Az xəbər verir ki, "Chevrolet" markalı minik avtomobilinin partlaması nəticəsində bir nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Qeyd olunub ki, hadisə bu gün saat 9 radələrində baş verib.
"Chevrolet Cobalt" markalı minik avtomobilində partlayış baş verib. Yanğın qeydə alınmayıb. Avtomobilin sürücüsü xəsarət alıb", - deyə məlumatda bildirilir.