Yanvarın 21-də Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş Azərbaycan Ordusunun zabiti Fərid Əhmədovun həyat və döyüş yolundan bəhs edən “Hay ver mənə, leytenant” sənədli filminin təqdimatı keçirilmişdir.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə ölməz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Fərid Əhmədovun ömür yolundan, vətənpərvərliyindən, qorxmazlığından geniş söz açmışdır.
Bildirilmişdir ki, 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda doğulmuş F.Əhmədov Heydər Əliyev adına Ali Hərbi Məktəbini bitirmişdir. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat almış, nümunəvi xidmətinə görə qısa müddətdə baş leytenant rütbəsinə yüksəlmiş, kəşfiyyat bölüyünün komandiri təyin edilmişdir. Cəsur döyüşçü 2010-cu il sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində - Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuşdur.
Vurğulanmışdır ki, F.Əhmədov Milli Qəhrəman Mübariz İbrahimov ilə bir gündə Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 7 noyabr tarixli Sərəncamı ilə baş leytenant Fərid Əhmədov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək vurğulamışdır ki, Fərid Əhmədovun ömür yolu bugünkü gənclərə əsl örnəkdir. Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaqdır.
Daha sonra Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə “O film-studio”da hazırlanmış “Hay ver mənə, leytenant” sənədli filmi nümayiş olunmuşdur.
Çəkilişləri Cəlilabad və Bakıda aparılmış bu ekran əsərində Fərid rolunu Rəşad və Elvin Qasımov qardaşları canlandırmışlar. Ekran əsərində Fərid Əhmədovun uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illərlə yanaşı, dostlarının, yaxınlarının və müəllimlərinin xatirələri də yer almışdır.
Filmin ideya müəllifi M.Həsənov, baş məsləhətçi Ə.Amaşov, layihənin rəhbəri B.Qaraca, ssenari müəllifi K.Mirzəyeva, montaj rejissoru R.İxtiyaroğlu, operator M.Əzizidir.
Hərbi vətənpərvərlik ruhunda çəkilmiş film tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
Tədbirdə iştirak edən Fərid Əhmədovun anası Nərgiz Əhmədova müqəddəs torpaqlarımız uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsini əziz tutduğuna görə Azərbaycan dövlətinin başçısına və filmin yaradıcı kollektivinə minnətdarlıqlarını bildirmişdir.