Azərbaycan Ordusunun ötən gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun cənazəsi bu gün doğulduğu Masallı rayonuna gətirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, əsgərin nəşi doğma kəndləri olan Köçəkli kənd qəbirsanlığında torpağa tapşırılıb. Dəfn mərasimində kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Masallı Rayon İcra hakimiyyətinin və yerli hüquq mühafizə orqanı nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Əli Rəhimov bir il öncə hərbi xidmətə çağırılıb.
17:53
Ötən gecə Tərtər rayonunda düşmənin hücumunu dəf edərkən şəhid olan Tovuz rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar Hidayət oğlu Poladov torpağa tapşırılıb.
Oxu.Az xəbər verir ki, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, V.Poladov doğulduğu Yuxarı Öysüzlü kəndində dəfn olunub.
Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin komandir və zabit heyəti, Tovuz rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin nümayəndələri, habelə kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb. Onun cəsur, vətənini sevən bir əsgər olduğu qeyd edilib.
Qeyd edək ki, V.Poladov ötən ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. O, ailənin tək oğlan övladı olub.