"Qardaşımın cəsədi, nəşi səngərdən götürüldü. Bu, bir daha sübut etdi ki, o, axırıncı damla qanına qədər vuruşub".
Oxu.Az xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində itkin düşmüş, şəhid Mübariz Şahmurovun qardaşı Alim Şahmurov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Mübariz Şahmurovun dünya malında gözü olmayıb:
"Qardaşım Qarakənd faciəsindən sonra könüllü şəkildə milli orduya yazılıb. Hərbi xidmətdə onu sovet ordu sıralarında nəzərə alıblar. Mübariz piyada qoşunlarında xidmət etmiş, kifayət qədər döyüş hazırlığı olan, cüssəli, pəhləvan gövdəli idi. Çağırışdan sonra təlim keçirilir. Təlim zamanı məlum olub ki, iştirak edənlərin hamısı hərbə yararlıdır.
Onlar Xocalının müdafiəsində iştirak ediblər. Aeroport yolunu qoruyublar. Onun şəxsi evi, ailəsi, iki övladı var idi. Qardaşımı müharibəyə aparıb çıxaran vətənpərvərlik qeyrəti, namusu olub. Qardaşımla fəxr edirik".
Alim Şahmurov qeyd edib ki, onlar Mübarizi əsirlər içərisində axtarmayıblar:
"O vaxtı biz onun nəşini götürmək istədik amma Xocalı blokadada olduğu üçün götürə bilmədik. Bir həftə əliqoynunda qalmışdıq. Onu biz əsirlər içərisindən axtarmadıq. Biz əmin idik, o ölənə qədər vurulacaq. Bilirdik ki, ona arxadan güllə dəyə bilməz, dəysə, sinəsindən dəyəcək. "Onu əsrlər içərisində axtaraq?" deyə sual veriləndə mən meyitlər içərisində axtarılmasını söylədim. Qardaş mənimdir, bilirdim ki, o, əsir düşə bilməz. Biz əliqoynunda qalmışdıq, qardaşımın nəşi ilə 15 km məsafə ayırırdı bizi, amma götürə bilmədik. Özümü o zaman çox aciz, gücsüz hiss etdim".
Aygün Mirakif