McDonald's Azərbaycan “Xoşbəxtlik Günü” adlı xeyriyyə aksiyasının çərçivəsində 10 450 manatdan artıq məbləğ topladı və əlil uşaqlara kömək göstərmək üçün yönəltdi. Аksiya 2014-cü ilin 1 - 20 noyabr müddətində bütün McDonald's restoranlarında keçirilib.
Oxu.Az-ın məlumatına görə, aksiyanın simvolu kimi səmimiyyət və mərhəməti gətirən uzadılmış kömək əlini ifadə edən və xüsusi suvenir olan “ovuc” stikeri seçilib. Ənənəvi olaraq, aksiya Azərbaycandakı bütün McDonald's restoranlarında eyni vaxtda keçirilib. 2014-cü ilin 1 - 20 noyabr müddətində McDonald's restoranında “ovuc” stikerini, noyabrın 20-də isə - İri fri kartofunu alan hər bir ziyarətçi xeyriyyə tədbirinin iştirakçısına çevrilib və uşaqlara yardım edib. Aksiya zamanı toplanmış bütün vəsait Azərbaycan Uşaq Fondunda əlil uşaqlar üçün xüsusi nəqliyyat vasitələrinin alınmasına sərf ediləcək.
“McDonald’s Azərbaycan şirkəti 2014-cü ilin 1-20 noyabr müddətində McDonald’s restoranlarında keçirilən “Xoşbəxtlik Günü” adlı xeyriyyə aksiyasında iştirak edən bütün müştərilərə minnətdarlıq bildirir. Bu xeyriyyə aksiyasını biz artıq 7-ci ildir keçiririk. Bu il biz 10 450 manat toplamışıq və bu məbləğ əlil uşaqların ehtiyacları üçün xərclənəcək”- McDonald’s Azərbaycan şirkətinin rəsmisi Anar Bayramov şərh etdi.
Uşaq Fondunun direktoru Esmiralda Rəhimova həmçinin xeyriyyə aksiyasının bütün iştirakçılarına öz təşəkkürünü bildirdi: “Azərbaycan Uşaq Fondunun” adından mən, McDonald's Azərbaycan şirkətinə belə gözəl xeyriyyə tədbirini təşkil etdiyinə və bütün fəal iştirak edənlərə dərin minnətdarlığımı bildirirəm. Onu da qeyd edim ki, McDonald's Azərbaycan şirkəti valideyn himayəsindən məhrum olunmuş uşaqlara kömək etməkdə həmişə sistemli yanaşmanı tətbiq edib və bunun üçün hər bir imkandan istifadə edir. Qoy sevgi, yaxşılıq və mərhəmət həmişə qəlblərinizdə yaşasın!”.
Qeyd edək ki, “Xoşbəxtlik Günü” aksiyası BMT-nin 20 noyabr 1959-cu il tarixində qəbul edilən deklarasiyaya uyğun olaraq hər il noyabrın 20-si qeyd olunan Ümumdünya Uşaqlar Gününə təsadüf edilib.