Cənub bölgəsində yağan aramsız yağışlar nəticəsində avtomobil yollarında yaranan problemlər ərazilərə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən cəlb olunmuş canlı qüvvə və texnikanın köməkliyi ilə qısa müddət ərzində aradan qaldırılıb.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, hazırda bölgədə nəqliyyatın hərəkətində heç bir problem yoxdur.
Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub.
Məlumatda həmçinin qeyd olunur ki, sel suları nəticəsində heç bir avtomobil körpüsü dağılmayıb.
“Təəssüflər olsun ki, bəzi media orqanları dəqiqləşdirilməmiş məlumat yazırlar. Onların yazdıqlarına inansaq, cənub bölgəsində 10-a yaxın körpü uçub. Belə bir fakt yoxdur.
Düzdür bir-neçə körpünün yanaşma yollarının müəyyən hissəsiləri sel suları nəticəsində yuyulub, ancaq bizim əməkdaşlar tərəfindən həmin hissələr tezliklə bərpa edilib. Körpülərin özlərinə heç bir ziyan dəyməyib.
Media nümayəndələrindən dəqiqləşdirilməmiş, insanlar arasında təşvişə səbəb olacaq məlumatlar yaymamaqlarını xahiş edirik”, - məlumatda bildirilir.
22:27
İntensiv yağışlar Cəlilabadda da fəsadlar törədib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, ən çox ziyan rayonun Albalan kəndində müşahidə olunub. Belə ki, sel suları kənddə iki körpünü yuyaraq yarasız vəziyyətə salıb. Nəticədə yaşayış məntəqəsinin bir tərəfinin digər tərəflə əlaqəsi kəsilib.
Sel suları kənddə həmçinin şəxsi və ictimai təsərrüfatlara, əkin sahələrinə də ciddi ziyan vurub. Albalan kəndini elektrik enerjisi ilə təmin edən transformator sel sularının təsirinə məruz qaldığından yerli sakinlər işıqsız qalıb.
Mövcud vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları və yerli icra strukturlarının nümayəndələri kəndə gələrək, hadisə yerinə baxış keçiriblər. Evləri suyun altında qalmış sakinlər müvəqqəti olaraq qohumlarının yanına köçürülüb.
Məlumata görə, rayonun Ağdaş kəndində də bəzi ərazilər sel sularına qərq olunub. Hazırda cənub bölgəsinin digər rayonlarında olduğu kimi Cəlilabadda da yağıntılı hava şəraiti davam etməkdədir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, oktyabrın 29-dan Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində Lənkəran şəhərindən və bir neçə kənd ərazisindən axan kiçik çaylar daşaraq sahil boyu tikilmiş bəzi evlərin həyətyanı sahələrinə dolub.
Lənkəran-İstisu-Havzava yaşayış məntəqələrini birləşdirən körpü qəzalı hala düşüb.
Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlanıb. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Mülkü Müdafiə Qoşunları və Rayon İcra Hakimiyyəti birgə təxirəsalınmaz işlər həyata keçirib, həmçinin köməyə ehtiyacı olan insanlar təhlükəsiz əraziyə köçürülüb. Təxirəsalınmaz işlər davam etdirilir. Əlavə məlumat veriləcək.