“Könüllülər ili” çərçivəsində “XII Qış Liderlik məktəbi” start götürüb.
Oxu.Az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, fevralın 10-dan başlayaraq bir həftə ərzində 120 tələbə - beş komanda Gəncədə bir araya gələrək “XII Qış Liderlik məktəbi”nə start verəcək.
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə tələbələr üçün təşkil edilən “XII Liderlik Məktəbi” layihəsi “Gənclik”, “Gələcək”, “İnkişaf” “Birlik” və “Liderlik” komandalarının iştirakı ilə 16 fevral tarixinədək keçiriləcək.
Respublikada təhsil alan ali və orta ixtisas təhsil müəssisələrinin 1, 2 və 3-cü kurs tələbələri üçün təşkil olunan “Liderlik Məktəbi” layihəsində iştirak üçün 1000-dən çox tələbə müraciət edib. Həmin tələbələrdən müsabiqə tələblərini ödəyən 500-ə yaxın müraciət sahibləri müsahibəyə dəvət olunublar. Onlar arasından 120 tələbə düşərgədə iştirak hüququ qazanıb”, – deyə o bildirib.
Layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrə liderlik, komanda ilə işləmək, vaxtın düzgün idarə olunması və s. kimi xüsusiyyətlərin aşılanması, gənclərin sosial fəallığının artırılması, ölkəmizi yerli və xarici arenada layiqincə təmsil edəcək liderlərin yetişdirməkdir.
Tələbələrə peşəkarlar təlimçilər tərəfindən “Liderlik”, “Layihələrin yazılması”, “Könüllülük” “Media” və “Menecment Üsulları” mövzularında təlimlər keçiriləcək. Təlimlərlə yanaşı, tələbələr “Qarabağ Azərbaycandır!”, “Media”, “İdman!”, “2020 Bizim İlimİZdir”, və “Gənclər siyasəti” mövzularında təşkil olunmuş panellərdə iştirak edəcəklər.
S.Məmmədova onu da qeyd edib ki, iştirakçı tələbələr media və mətbuat, layihə və divar qəzetlərinin yazılması və s. işlərlə məşğul olacaq, həmçinin, hazırladıqları səhnəcikləri sosial gecələrdə nümayiş etdirəcəklər. Layihənin sonuncu günündə tələbələr təlim materialları əsasında tərtib olunmuş imtahanda iştirak edəcəklər. Qalib komanda hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, ATGTİ-nin birgə təşkilatçılığı ilə həyata keçirdiyi layihə sayca 12-cidir və bundan öncə Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, Xaçmaz, Tovuz, Şəmkir, Mingəçevir və Daşkəsən şəhərlərində, həmçinin, Naxçıvan Muxtar Respublikasında keçirilib. Tədbir 10 fevral, saat 16.00 Gəncə şəhəri “Ramada Plaza” da baş tutacaq.
İlhamə Əbülfət