"Son on ildə Mərkəzi və Qərbi Asiyada şəhər əhalisinin sayının 35-45 faiz artdığı açıqlanıb".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli WUF13 çərçivəsində keçirilən "Şəhərlərin xüsusi forumu: İnklüziv və davamlı şəhər gələcəyi üçün mənzil həlləri" adlı sessiyada məlumat verib.
Onun sözlərinə görə, sürətli urbanizasiya region ölkələrinin iqtisadi, infrastruktur və sosial sistemində dərin dəyişikliklərə səbəb olur.
Səməd Bəşirli bildirib ki, SPECA platformasının (BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramı - red.) gücləndirilməsi regionun sabitliyi və təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
O qeyd edib ki, keyfiyyətli və əlçatan mənzil təminatı şəhərlərin uzunmüddətli iqtisadi inkişafı üçün əsas şərtlərdən biridir:
"Bölgə mənzil fondunun yenilənməsinə böyük ehtiyac duyur. Biz bunu yaşıl investisiyaların cəlbi, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və texnoloji inkişaf üçün mühüm fürsət kimi qiymətləndiririk".
Səməd Bəşirli əlavə edib ki, Azərbaycanda şəhərsalma siyasəti tarixi-memarlıq irsinin qorunması ilə müasir inkişafın vəhdəti prinsipinə əsaslanır.