"İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan dövlətlərin çoxunda, xüsusilə də iri metropol ərazilərində daimi böyümə qeydə alınır".
Oxu.Az xəbər verir ki, bu fikirləri İƏİT "Geospatial Analysis" laboratoriyasının rəhbəri Klaudia Baranzelli WUF13 çərçivəsində təşkil olunan "Davamlı şəhər inkişafı üçün geoməkan analitikası: Mənzil sektorunun iqtisadi potensialının açılması" mövzusundakı tədbirdə səsləndirib.
"Bununla belə, araşdırma miqyasını dəyişərək bələdiyyə və ya yerli səviyyələrə diqqət yetirdikdə vəziyyətin fərqli olduğunu görə bilərik. Nümunə olaraq, İspaniyada son onillik ərzində bələdiyyələrin təqribən yarısı öz əhalisinin 10 faizdən çox hissəsini itirib.
Demoqrafik meyillərdən bəhs edərkən, sadəcə, şəhərlərin genişlənməsi və ya bölgələrin daralması deyil, eyni zamanda, əhalinin yaşlanması da diqqət mərkəzində olur. Bu, ümumdünya miqyaslı bir tendensiya olsa da, müxtəlif məkanlarda özünü fərqli templərlə büruzə verir.
Məsələn, Yaponiyada yaşlı əhalinin asılılıq göstəricisi təkcə kənd və bələdiyyə ərazilərində yox, həmçinin şəhər aqlomerasiyalarında da olduqca yüksəkdir. Biz ən nəhəng şəhər zonası sayılan və yaşlıların asılılıq göstəricisinin təqribən 40%-ə bərabər olduğu Tokionu bu rəqəmin 64%-ə yüksəldiyi Hokkaydo ilə müqayisə edirik", - deyə o qeyd edib.
Mütəxəssisin sözlərinə əsasən, ekoloji statistika da diqqətçəkən faktlarla zəngin olub:
"İƏİT dövlətlərindəki funksional şəhər zonaları üzrə istixana qazı emissiyalarının ümumi vəziyyətini təhlil etsəniz, 1990-cı illərdən indiyədək şəhərlərin 57 faizində, başqa sözlə, yarısından çoxunda bu tullantıların həcminin azaldığını müşahidə edərsiniz.
Amma detallı şəkildə araşdırdıqda fərqliliklərin kifayət qədər böyük olduğu ortaya çıxır. Məsələn, Parisdə istixana qazı emissiyaları 30 faizdən çox olduğu halda, İstanbulda son illərdə əhali sayının orta tempdə çoxalmasına rəğmən, bu göstərici iki dəfədən çox yüksəlib".