Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sənətsevər xalqımız
Qan Turalı yazır...
Keçən dəfə Ulaş Başar Gezginin akademik bir məqaləsini oxuyurdum.
Ölkələri sənətsevər və sənətə uzaq olan ölkələrə bölürdü. Azərbaycanı isə sənətsevər ölkə adlandırırdı. Dedim, təki belə bilsinlər.
Azərbaycan Türkiyədən fərqli olaraq, Sovet sistemi keçib. Bizdə oradan dəfələrlə çox insan musiqi təhsili alıb.
Yadımdadır, Heydər Əliyev bu faktı Barış Mançoya demişdi, Barış abi təəccüblənmişdi.
Sovet sistemi bir çox cəhətlərinə görə hələ də nümunəvi olaraq qalır. Hətta bu günkü mütərəqqi Qərb ölkələri üçün də nümunəvi...
Misal üçün, hər şəhərdə şahmat məktəbləri vardı. Etnik olaraq türk olmasa belə, Azərbaycandan şahmat üzrə dünya çempionu çıxmışdı. Eləcə də, SSRİ dünyada kitabların ucuzluğuna görə birinci yerdə idi. SSRİ-də mütaliə faizi dünyanın ən inkişaf etmiş ölkələri ilə eyni idi.
Bəli, SSRİ qapalı ölkə idi, media tam nəzarətdə idi, bu vakuumda inkişaf nisbətən rahat idi.
Bəs indi necədir?
Mədəniyyətimiz ağır bir sınaqla üzbəüz qalıb. Bir tərəfdə birdəfəlik mədəni məhsullar, bayağı musiqilər, digər tərəfdə isə ciddi sənət nümunələri...
Ciddi mədəniyyət iqtisadi dayaqlardan məhrumdur. Ucuz şairlər gedib tamadalıq edir, bəs yaxşı şair nə etsin? Manıslar toya gedir, bəs opera ifaçıları nə etsin?
Ölkəmizdə nəşriyyat sistemi faktiki olaraq qurulmayıb. Cəmi bir ovuc kitab mağazası var. Onlar da Bakının mərkəzində yerləşir. Eləcə də, kinoteatrlar ancaq Bakıdadır.
Kimsə deyə bilər ki, kinoteatrlar ucuz komediyadan başqa heç nə göstərmir. Bəli, lakin bu səbəb yox, nəticədir.
Ölkəboyu kinoteatrlar olsa, filmlər də gəlir gətirər, bununla da estetik dəyərə malik olan sənət nümunələri ortaya çıxar. Eləcə də, çoxlu konsert salonu tikilsə, bar künclərinə həbs olan gənc istedadlar geniş kütlələrə çatdırılar. Özəl teatrlar bizə hava, su kimi lazımdır.
Kitabların qiyməti də bahadır, dövlət kitab mağazalarının kirayə haqqını ödəməklə, kitaba qoyulan vergiləri azaltmaqla, nəşriyyatlara dotasiya verməklə kitabın qiymətini dəfələrlə endirə bilər. Ya da elə dövlət özü kitab bazarına daxil ola bilər.
150 cildlik dünya ədəbiyyatı seriyası bu mənada çox yaxşı addım idi. Ya da dövlət hər tələbəyə aylıq 20 manatlıq kitab kuponu verər, tələbə də istədiyi kitabı alar.
Bütün bu məqamlar bir çox ölkələrin təcrübəsində uğurla sınaqdan keçirilib. Yaradıcı təşkilatlar göstərilən diqqət və qayğını heç cür səmərələşdirə bilmir.
Biz bazar iqtisadiyyatı dövründə yaşayırıq, buna görə də dövlətin qayğısının daha çox bazar subyektləri üzərində cəmləşməsi vacibdir.
Bəli, biz doğrudan da, sənətsevər ölkəyik. Sadəcə olaraq, incəsənətimizi, mədəniyyətimizi bazar iqtisadiyyatı şəraitində qorumaq gərəkdir.
Şair necə deyirdi?
“Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli,
Dahilərə süd vermişdir Azərbaycan gözəli”.
Rəylər