Gəncədə hüquq-mühafizə orqanları əməkdaşlarının xüsusi karantin rejimi ilə bağlı gücləndirilmiş iş rejimi davam edir.
Baku TV xəbər verir ki, aparılan tədbirlər çərçivəsində ölkənin ikinci böyük şəhərinin beş girişində və əsas istiqamətlərində xüsusi postlar qurulub.
Bu postların köməyilə Gəncəyə Bakı, Qazax, Daşkəsən, Samux və Göygöl istiqamətindən giriş-çıxış tənzimlənir və avtomobillər saxlanılmaqla yoxlanılır.
Analoji vəziyyət şəhərin daxilində də hökm sürür. Belə ki, bütün küçə və prospektlərdə nəzarət postları qurulub. Bundan əlavə, polis ictimai nəqliyyatda sərnişinlər arasında yoxlamalar aparır.
Məlumat üçün bildirək ki, Nazirlər Kabineti yanında operativ qərargahın təlimatına uyğun olaraq, iki həftəlik xüsusi karantin rejiminin tətbiq edildiyi şəhərlər sırasında Gəncə də var.
Xüsusi karantin rejiminin qaydalarına riayət olunmasına nəzarət üçün Gəncə şəhər Baş Polis İdarəsinin minə yaxın əməkdaşı, eləcə də, Daxili Qoşunların 400 nəfərə yaxın şəxsi heyəti cəlb edilib.
Sərt karantin günlərində Gəncə - VİDEOREPORTAJ