Ötən gün Siyəzən rayonunda baş vermiş yanğın bu gün səhər saatlarında söndürülüb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometrliyində “Siyəzən Broyler” ASC-yə məxsus ümumi sahəsi 8960 kv. m olan sökülmüş sexlərin içərisində məişət tullantıları, ərazidə 3 ha yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb.
Yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilənə görə, yanğın nəticəsində meşə fondunun təxminən 5 hektar ərazisinə ziyan dəyib.