SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcı Xəzər dənizində sualtı təmir işləri zamanı boğularaq ölüb.
Oxu.Az xəbər verir ki, SOCAR-ın yaydığı məlumata görə, Şirvan şəhəri T. İbrahimov küçəsi, ev 10 ünvanında qeydiyyatda olan 1976-cı il təvəllüdlü Umudov Kamil Əhmədağa oğlu Xəzər dənizində sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsi zamanı boğularaq dünyasını dəyişib.
Umudov “Bulla” yatağındakı 29 saylı özülün yaxınlığında “Şirvan-2” kran gəmisindən verilmiş burazı suyun 12 metr dərinliyində dik dayağa (boruya) bərkitmək üçün “Orion-4” dalğıc gəmisindən suya enmişdir.
Təxminən 5-10 dəqiqədən sonra gəmidəki sığortaedici dalğıc K.Umudovun şərti siqnala cavab vermədiyini görərək suya enmiş və onu suda huşsuz vəziyyətdə tapıb. K.Umudov gəmiyə çıxarılmış, ilkin tibbi yardımın göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
E.Ə.
www.oxu.az