Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik layihəsində təklif olunur ki, 16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesablar yaratmasına yol verilməsin.
Həmçinin provayderlər üçün yeni tələblər müəyyənləşdirilir. Qaydanı pozanlar isə böyük məbləğdə cərimələnəcəklər.
Görəsən, sözügedən qaydaların tətbiqi hansı zərurətdən irəli gəldi və nəticələri olacaqmı?
Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, sosial media və smartfonlar gənclərə, yeniyetmələrə təsir baxımından dünyada ən ciddi müzakirə olunan məsələlərdəndir.
Deputat vurğulayıb ki, artıq bir neçə ölkədə sosial şəbəkələrlə bağlı müvafiq addımlar atılır:

"Çünki sözügedən məsələni tənzimləmək məcburidir. Müxtəlif metodlarla addımlar atılır. Azərbaycan qanunvericiliyində də bu istiqamətdə dəyişikliklər edilir. Prezident İlham Əliyev bir müddət əvvəl Nazirlər Kabineti qarşısında məsələ qaldırmışdı ki, uşaqların zərərli təsirlərdən qorunması istiqamətində müvafiq addımlar atılsın. Eyni zamanda, burada vacib məsələ maarifləndirmə və təbliğatla bağlıdır. Əsasən, məktəblərdə telefondan istifadə edilməməlidir. Bu məsələyə həssas yanaşmalıyıq. Bəzi ölkələrdə sosial şəbəkələrə giriş 16-17 yaşadək məhdudlaşdırılıb".
Məsələ ilə bağlı psixoloq Gülnar Orucova Oxu.Az-a açıqlamasında qeyd edib ki, telefondan istifadə üçün yaş həddi müəyyənləşdirilməlidir.
O vurğulayıb ki, bəzən ata-ana uşağa yemək yedirdərkən ona telefon verir:

"Valideynlər telefonun uşağa neqativ təsiri barədə məlumatsızdırlar. Baxın, uşaqlar telefona baxanda yeməyi daha rahat yeyirlər. Ancaq bu, piylənmə yaradır. Yeni nəsildə artıq çəki probleminə səbəb olur. Valideyn övladına diqqət yetirməli, sevgi verməlidir. Bu sevgi isə paltar, oyuncaq və ya telefon almaqla ölçülməməlidir.
Açığı, düşünürəm ki, qadağa tətbiq edildikdən sonra belə valideynlər öz adlarına hesab açıb onu uşağa təqdim edəcəklər. Çünki indiki valideynlər sanki uşaqlarından çəkinirlər. Valideyn-övlad arasında bəzi sərhədlər olmalıdır. Bu sərhədlər aşılanda isə problemlər ortaya çıxır. Sosial şəbəkələrdən başqa, məktəblərdə və liseylərdə telefondan istifadəyə ciddi nəzarət olunmalıdır. Şagirdin nə özünü, nə müəllimi, nə də dərs prosesini çəkməyə ixtiyarı var. Dediyim kimi, sosial şəbəkələrdən istifadə üçün yaş həddinin müəyyənləşdirilməsi hüquqi baxımdan müsbət addımdır. Ancaq valideynlər də buna ciddi nəzarət etməli, övladlarının gələcəyi naminə uyğun addımlar atmalıdırlar".