Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yerinə yetirilib. Uzunluğu 1,5 kilometr təşkil edən mövcud 2 zolaqlı yolda əlavə 6 hərəkət zolağı inşa edilir.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin bildirdiyinə görə, layihə üzrə Sulutəpə və Xocəsən istiqamətində dairəvi qovşaqlar, 2 avtobus dayanacağı, hər iki tərəfdə səkilər və işıqlandırma sistemi quraşdırılacaq.
Ötən müddətdə kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri başa çatıb, Sulutəpə-Biləcəri istiqamətində üç qat, Biləcəri-Sulutəpə hissəsində isə iki qat asfalt-beton örtük döşənib. Nəqliyyatın hərəkəti üçün açıq olan yolun bu hissəsinin yaxın vaxtlarda tam istifadəyə verilməsi gözlənilir.
Sulutəpə-Biləcəri yolunun yenidən qurulması ölkənin şimal-qərb bölgəsindən paytaxta, eyni zamanda, Lökbatan-Xocəsən istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarına çıxışını asanlaşdıracaq.