Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov vəzifəsindən uzaqlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə sumqayitxeber.com saytına etibarlı mənbələrdən məlumat daxil olub.
Qeyd edək ki, Nadir Qəhrəmanov 1945-ci il, mayın 24-də Zəngəzur qəzasının Urud kəndində ziyalı ailəsində anadan olmuşdur. 1962-ci ildə orta məktəbi bitirmişdir. Elə həmin ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1969-cu ildən fəaliyyətini Bakı Dövlət Universiteti ilə başlamışdır. 1972-ci ilə qədər laborant, 1972-1976-cı illərdə isə “Ümumi fizika” kafedrasında müəllim işləmişdir. 1976-cı ildə “İndium kükürd monokristalının alınması və bəzi fiziki xassələri” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
1977-1986-cı illərdə “Ümumi fizika” kafedrasının dossenti vəzifəsində çalışmışdır. 1986-cı ildə Bakı Dövlət Universitetinin “Ümumi fizika” kafedrasının professoru vəzifəsində öz elmi-pedaqoji fəaliyyətini davam etdirərək müxtəlif illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. 30 ilə yaxın bir müddətdə BDU-da yüksək elmi-pedaqoji səviyyədə mühazirələr oxumuşdur.
N.Qəhrəmanov mürəkkəb yarımkeçiricilər üzrə mütəxəssisdir. 200-dən çox elmi məqalənin, 10 müəlliflik şəhadətnaməsi, monoqrafiya və dərs vəsaitlərinin müəllifidir. SDU elmi xəbərlər jurnalının baş redaktorudur.
Azərbaycan Respublikası Prezidentinin 31 may 2000-ci il tarixli sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Ailəlidir, iki övladı var.