Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sumqayıt sakinlərinə ŞAD XƏBƏR: Bakıdan yeni marşrut xətti AÇILIR
"Bu həftənin sonundan etibarən Sumqayıta paytaxtın "Azadlıq prospekti" metro stansiyasından da yola düşmək mümkün olacaq. Metro stansiyanı Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərəcək".
Bu məlumat Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilib.
Məlumatda qeyd olunub ki, "20 Yanvar" metro stansiyasının yaxınlığından və "Şamaxinka" adlanan ərazidən də Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir.
"Bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli marşrutlar hərəkət edir.
Bakıdan Sumqayıt şəhərinə yola düşmək istəyən vətəndaşlar paytaxtın müxtəlif ərazilərindən həmin istiqamətdə fəaliyyət göstərən avtobus marşrutlarından istifadə edə bilərlər.
Sumqayıt şəhərinə daha tez çatmaq üçün vətəndaşlar "Avtovağzal" metro stansiyasına gələrək müasir və komfortlu "Neoplan" avtobusların fəaliyyət göstərdiyi 595 nömrəli ekspres marşrut xətti, habelə Saray qəsəbəsindən keçməklə 503 nömrəli müntəzəm marşrut xətti ilə gedə bilərlər. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir.
Qeyd edək ki, Bakı şəhərindən Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif ərazilərinə müntəzəm avtobus marşrutları ilə gündəlik təqribən 80 minə yaxın sərnişin daşınır.
Hazırda Bakı şəhərinin istənilən ərazisindən avtobus və metro vasitəsilə "Avtovağzal" metro stansiyasına və Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Mübadilə Mərkəzinə (HUB) getmək mümkündür", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Rəylər