Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avropanı Azərbaycana möhtac edən səbəblər - Bakı özünü bütün dünyaya sübut etdi
"Azərbaycan 2020-ci ilin sonundan etibarən Cənub Qaz Dəhlizinin Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixrac etməyə başlayıb və bunun üzərindən cəmi 4 il keçməsinə baxmayaraq, artıq Avropanın 10 ölkəsi Azərbaycandan qaz idxal edir. Bu, çox böyük nəticədir".
Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
Onun sözlərinə görə, Azərbaycandan qaz idxal etmək istəyən Avropa ölkələrinin sayı hazırda daha çoxdur: "Demək olar ki, Avropa Rusiya-Ukrayna müharibəsi başlayandan sonra özünün enerji təhlükəsizliyində Azərbaycanı real olaraq ən mühüm ölkə qismində görür. Halbuki, ölkəmiz Cənub Qaz Dəhlizi layihəsinin ideyasını verəndə və reallaşdıranda Avropa ölkələri, Avropa Şurası, Avropa Komissiyası, ümumiyyətlə Avropa İttifaqı (Aİ) nəinki bu layihəyə dəstək olmadı, əksinə, Azərbaycanda kifayət qədər qaz olmadığı fikrini irəli sürərək bu layihəyə qarşı çıxdılar. Nəticədə, ideyası özümüzə məxsus olan bu layihənin gerçəkləşməsində ən çox maliyyə xərci də elə bizim üzərimizə düşdü. Amma indi ziddiyyətli haldır ki, saysız-hesabsız Avropa ölkələri dəstək vermədiyi və etiraz etdiyi Azərbaycanın qapısına düzülüb, ehtiyac əlini uzadıblar. Vaxtilə Azərbaycanda kifayət qədər qaz ehtiyatı olmadığını iddia edən həmin ölkələr və təşkilatlar bu gün öz enerji təhlükəsizliklərinin təmin olunmasında Azərbaycanı yeganə, alternativsiz ölkə kimi görür və bunu açıq şəkildə nümayiş etdirirlər".
Ekspert hesab edir ki, bu amil sözügedən ölkə və təşkilatların Azərbaycana ehtiyaclarının artması ilə yanaşı, həm də ikili standartlar siyasətindən heç vaxt çıxmadığını, əslində isə uzaqgörən siyasət yürütmədiyini bir daha göstərir:
"Çünki onlar özlərinə cari vəziyyətdə nə sərf edirsə, hansı şərait uyğundursa, ona müvafiq addım atırlar. Ona görə də bu ölkələr və qurumlar hazırda Azərbaycanın alternativsiz dəyərə sahib olduğunu və Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında onların köməyinə çatacaq ən yaxın ölkənin də yenə Azərbaycan olduğunu açıq-aşkar görür və bunu qiymətləndirməyə bilmirlər. Amma bununla belə, Azərbaycan bu ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında özünün iqtisadi maraqlarını unutmamalı, iştirakını bu istiqamətdə davam etdirməlidir".
"Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqına mövcud qaz ixracını ikiqat artıracaq və buna bizim potensialımız imkan verir. Amma eyni zamanda, Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatının getdikcə artdığını nəzərə alsaq, biz özümüzdə də buna təminat yaratmalı və hazırlıqlı olmalıyıq. Bunun da əsas çıxış yollarından biri ondan ibarətdir ki, ölkədə bərpaolunan enerji mənbələrindən istifadə imkanları genişləndirilməli, alternativ enerji mənbələrindən, yaşıl enerjidən istifadə səviyyəsini maksimuma qaldırmalı, bununla da istifadə etdiyimiz mavi yanacağı kənara ixrac etmək imkanına daha yaxşı malik olmalıyıq. Çünki Aİ ölkələrinin bütövlükdə enerjiyə olan tələbatı kifayət qədər böyükdür. Bu tələbatın 70 faizini Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Rusiya təmin edirdi. İndi isə bu proqramlarla Avropanın Rusiyadan qaz idxalı azalacaq, bu qitənin qaz ilə təhlükəsiz təchizatına Azərbaycan vasitəsi ilə ciddi töhfə veriləcək", - deyə ekspert vurğulayıb.
İqtisadçı Azərbaycanın bu istiqamətdə özünü yaxşı tərəfdən bütün dünyaya sübut etdiyini diqqətə çatdırıb:
"Azərbaycan istər Bakı-Tbilisi-Ceyhan, istər Bakı-Tbilisi-Ərzurum neft boru kəmərləri, istərsə də digər bu kimi layihələrdə etibarlı tərəfdaş olduğunu təsdiq edib, bu sahədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Təbii ki, dövlətimiz yeni layihələrdə də eyni keyfiyyətləri nümayiş etdirməkdə davam edəcək və buna tamamilə hazırdır. Yəni, Azərbaycan dünya bazarlarına neft ixracında özünü yaxşı tərəfdən sübut etdiyi kimi, Avropanın qaz təchizatında da layiqli tərəfdaş olduğunu göstərəcək, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq. Təbii ki, bununla yanaşı öz iqtisadi maraqlarımız da bizim üçün ən öndə gedən şərtlərdən biri olacaq".
Mərahim Nəsib
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
- Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
- Aİ Gürcüstanla vizasız rejimi dayandıracaq?
- Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib