Azərbaycanın tanınmış vəkili Zülfiyyə Bayramova Mövqe.az-a müsahibə verib.
Vəkil öz müsahibəsində cəmiyyətimizdə aktual olan boşanmalar məsələsinə toxunduğu üçün həmin müsahibənin ixtisar olunmuş variantını oxucularımıza təqdim edirik.
- Deyəsən məhkəmədən gəlirsiniz. Yorğun görünürsünüz. Necə keçdi?
- Elə məhkəmədən gəlirəm. Çox ağır məhkəmə idi. Yenə də boşanma... Deməli, 3 ildir bir qadın boşanmaq istəyir. Təsəvvür edin, əri də boşanmaq istəyir. Uşaq necə yaşayır heç o kişi üçün fərqi yoxdur. Amma qızın anası qızına icazə vermir boşanmağa ki, qonum-qonşu var, onlar bizə nə deyər. Qız baş götürüb evdən qaçıb və boşanmağa qərar verib. Qızı mən müdafiə edirdim. Ana görüb ki, qıza gücü çatmır, qızı əlindən çıxıb, mənə zəng vurub, deyir ki, sən axı niyə mənim qızımı müdafiə edirsən. Qadınla dil tapa bilməsəm də, qızın dayısı zəng edəndə başa saldım ki, mənə müraciət edən 18 yaşdan yuxarı hər kəsin hüququnu müdafiə etməyə borcluyam. Bu gün də həmin qızın məhkəməsi idi. Anası məhkəmədə bir qalmaqal salıb ki, siz niyə mənim qızımı boşayırsınız.
- Ümumiyyətlə, boşanmaq üçün sizə daha çox qadınlar, yoxsa kişilər müraciət edir?
- Hər iki tərəf boşanma üçün müraciət edir. Amma kişilər daha çox boşanıb canlarını qurtarmaq, qadınlar isə daha çox maraqlanır ki, mən necə edim həm boşanım, həm də ki, kişidən necə heyif çıxım. Qadınlar müraciət edəndə daha çox qisas almaq istəyirlər. Nə qədər başa salmağa çalışsaq da ki, bu alınmadı dost kimi ayrılın, başa düşən olmur. Bir məhkəmə zamanı kişi qadını boşadı. Qadın da uşaqlarından imtina etdi. Bildirdi ki, anam deyir uşaqları at üstünə gör necə yalvaracaq. Mən nə qədər dedimsə də, etmə anlamadı. Bildirdim ki, sənin uşaqlardan imtina etməyin bir daha uşaqlarının sənə qayıda bilməməyi deməkdir. Düşün. Qız mənə qulaq asmadı uşaqları atdı oğlanın üstə...
Hətta rəsmi surətdə də məhkəmədə öz uşaqlarından imtina etdi. Çox qəribə hadisə baş verdi. Uşaqlardan imtina yazılan kimi, oğlan başqa bir qızı dəvət etdi məhkəmə zalına və bildirdi ki, bu qadınla rəsmi nikaha girib. Çünki uşaqlarına bir ana lazımdır. Bildirdi ki, uşaqların doğma anası da öz istəyi ilə uşaqlarından imtina etdiyi üçün xahiş edirəm analığı bu həyat yoldaşıma həvalə edəsiniz. Həmin qadın isə qaldı uşaqlarsız və bu gün də uşaqlarını geri ala bilmir. Və elə bir qanun da yoxdur ki, ona uşaqlarını almaq üçün kömək edə bilsin.
- Boşanan ailələrdə daha çox travma alan uşaqlar olur deyirlər, razısınızmı?
- Yox, razı deyiləm. Elə mədəni ailələr var ki, boşanıblar. Amma uşaqlar çox da xoşbəxt yaşayır. Mən bu misalı həmişə çəkirəm. Bir evdə ata və ana da var. Amma uşaqlar qorxu içərisində yaşayır ki, görəsən bu gün atam işdən gəlib anamı döyəcək? Anam yenə ağlayacaq? Görəsən nə baş verəcək? Belə uşaq yaxşıdır, yoxsa ayrılandan sonra rahat qorxusuz yaşayan uşaq? Bilirsinizmi, bu gün cəmiyyətdə sevgisiz ailələr qurulur. Ana-ata uşaqları məcburi evləndirirlər. Düşünürlər ki, evlənəndən sonra sevərlər. Ancaq evlənirlər yenə sevgi olmur. Bu zaman ağbirçəklər, ağsaqqallar bir yerə toplaşıb deyirlər ki, uşaq həyata gətir, kişi sənə bağlansın. Bax ən çox əziyyət çəkən o uşaqlar olur. Əri sevdiyi üçün yox, sadəcə əri bir ip kimi özünə bağlamaq üçün həyata gətirilən uşaqlar bəli, sonradan çox əziyyət çəkir.
- Ən çox yaddaşınızda qalan, müdafiə edib, halına acıdığınız bir durum olubmu?
- Olub. Bu hadisə Xəzər rayonunda baş verib. Mahmud adlı bir kişi Gülnarə adlı bir qadınla ailə həyatı qurub. Rəsmi nikahdan 3 övladları var. Bilmirəm həmin kişini dəlimi, manyakmı, mazaxistmi adlandırım...
Hər nəysə. Deməli bu kişi qadına işgəncə verməkdən həzz alırmış. Bir neçə dəfə həyat yoldaşına işgəncə verib. Birinci dəfə öz qadınını soyundurub, əl-ayağını bağlayıb və salafan turbaları yandırıb, damcı-damcı töküb bu qadının bədəninə... Qadın qaça bilib. Amma ata-anası deyib ki, sən ərə getmisən, meyitin o evdən çıxacaq. Təkrar qadını o kişiyə veriblər. Qadını gətirən kişi yanan kömürləri qadının dizi altına qoyub və onu qarşısında diz çökdürüb. Bununla ürəyi soyumayan kişi, qadının əl-ayağını bağlayıb, həyat yoldaşının cinsiyyət orqanına turba salıb. Həmin turbadan isə isti qaynar suyu töküb. Daha sonra əriyən salafan turba damcılarını ora töküb. Hətta inanın bununla da dincəlməyən kişi qadını otuzdurub, kislotanı boynunun arxasından töküb və kağızı yandırıb, ora atıb. Qadının ah-naləsi yeri-göyü dilə gətirib. Qonşular yığışıb, gəlib, qadını təcili yardımla xəstəxanaya çatdırıblar. Ən dəhşətlisi də budur ki, bütün bu hadisələri ata öz azyaşlı uşaqlarının gözü qarşısında edib. Qadın o evdə necə əziyyət çəkib , amma ata-ana yenə deyir boşanma. Həmin kişi əvvəl də məhbus həyatı yaşayıb.
- İlk nə cinayət işləyib?
- Deməli, 3 dost olublar. Yeyib, içiblər, dava düşüb. Bir dostu öldürüb və aparıb, ölmüş atasının qəbrində dostunu da basdırıb.
- Qayınana gəlin məhkəməsi ilə bağlı sosial şəbəkədə fikir bildirmişdiniz. O nə məsələ idi?
- Deməli, məhkəmədə bir gün vəkil kürsüsündə oturmuşdum, gördüm ki, bir yaşlı qadın gəlib, oturdu. Sonra öyrəndim ki, 83 yaşı var. İçimdə öz-özümlə danışırdım ki, bu yaşlı vaxtında görəsən bu qadının məhkəmədə nə işi var ? Elə ürəyimdə götür-qoy edirdim ki, gördüm qadın əli ilə məni yanına çağırdı. Özü qalxıb gələ bilmirdi, mən durub, getdim yanına, oturdum qadının yanında. Qadın sözə başladı. Deyir mənə ki, sən ürəyində fikirləşirsən ki, bu yaşda qadının məhkəmədə nə işi var. İndi mənim qəbirisantanlıqda qapı kəsən vaxtımdır, gəlib məhkəmə qapısını kəsmişəm. Amma qızım yadında saxla məhkəməyə də iki cür gəlirlər. Bir özün gəlirsən, iki səni gətirirlər. Məni bura gətiriblər, mən özüm gəlməmişəm. Məhkəmə başladıqdan sonra məlum oldu ki, bu qadının gəlini iddia verib, yaşadığı evdən bu qayınananı çıxartsın. Məni kövrəldən o oldu ki, bütün məhkəmə boyu həmin qadın çox həyasızcasına (üzr istəyirəm bu ifadəni işlətdiyimə görə - red) danışdı, ancaq qayınana susdu. Sonda hakim qayınanaya söz verdi. Dedi ki, mülkiyyətçi sənsən, ancaq gəlin sənə qarşı iddia qaldırıb, sözün nədir, fikrin nədir.
Qadın danışmağa başladı. Hakimə oğlum deyə müraciət etdi. Bildirdi ki, 5-6 saylı gün ömrü qalıb. Və hakimdən rica etdi ki, onu Qocalar evinə təhvil versin və yaşadıqları evi də gəlinə versin. Qayınana bildirdi ki, əgər o gəlinlə birlikdə həmin evin qapısından birlikdə çıxıb məhkəməyə gəliblərsə, deməli o evə birlikdə qayıda bilməzlər. Məhkəmə düzdü elə qərar vermədi, ev qayınanada qaldı. Amma qadın hüzur içində yaşamaq üçün Qocalar evində yaşamağa da razı idi.