Təhsil Tələbə Krediti Fondu 2026-2027-ci tədris ilinin payız semestri üzrə müraciətlərin qəbuluna başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, müraciətlər 2026-cı il avqustun 3-dən etibarən e-ttkf.edu.az portalı üzərindən qəbul edilir.
Dövlət İmtahan Mərkəzinin 2026-2027-ci tədris ili üzrə keçirdiyi qəbul müsabiqəsinin nəticələrinə əsasən magistratura səviyyəsinə qəbul olunmuş tələbələr, eləcə də ali, orta ixtisas və peşə təhsili müəssisələrinin II və daha yuxarı kurslarında təhsil alan tələbələr qeyd olunan tarixdən etibarən e-ttkf.edu.az portalına daxil olaraq sosial və ya standart təhsil tələbə krediti üçün müraciət edə bilərlər.
Qeyd olunub ki, bakalavriat səviyyəsinə yeni qəbul olunan tələbələr üçün müraciətlər ixtisas seçimi başa çatdıqdan sonra açılacaq.
Bundan əlavə, magistratura səviyyəsinə qəbul olunmuş tələbələr portal.edu.az üzərindən tələbə qeydiyyatını həyata keçirərkən paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün də müraciət edə biləcəklər.
Qaydalara əsasən, birinci tədris ilinin ilk semestri üzrə standart təhsil tələbə kreditindən yararlanmaq üçün aşağıdakı minimal qəbul göstəriciləri müəyyən edilib:
- Subbakalavr - 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 40 bal,
- Bakalavriat - 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 100 bal,
- Magistratura - 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 30 bal,
- SAT nəticələri əsasında ali təhsil müəssisələrinə qəbul olunanlar üçün - minimum 1 200 bal,
Texniki peşə və yüksək texniki peşə təhsili üzrə - attestatda müvafiq fənlərdən yekun qiymətlərin ədədi ortası minimum 3 olmalıdır.
Qeyd edək ki, minimal qəbul göstəriciləri yalnız standart təhsil tələbə kreditlərinə şamil edilir. Sosial təhsil tələbə kreditləri üzrə isə minimal qəbul balı tələbi yoxdur.
Həmçinin 2026-2027-ci tədris ili üzrə bakalavriat və subbakalavr səviyyələrinə yeni qəbul olunan tələbələr ixtisas seçimini başa vurduqdan sonra təhsil müəssisəsində qeydiyyat prosesini həyata keçirərkən paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciət edə biləcəklər.