Türkiyədə haqqımda yalan məlumatlar yayan insanlar çoxdur. Bu, bilərəkdən edilir. Məni bu ölkədən çıxarmaq istəyirlər. Mən tamamilə bu məlumatı təkzib edirəm. Təkrar edirəm, bu oteli satmaq planlarım yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə haqqin.az-a müsahibəsində Azərbaycan əsilli rusiyalı milyarder Telman İsmayılov Türkiyədə tikdirdiyi Mardan Palace otelinin satılması ilə bağlı xəbərləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, otelin inşası zamanı bank kreditlərindən istifadə edib:
“Söhbət yalnız 110 milyon dollardan gedir. Mənim Türkiyədə heç bir problemim yoxdur”.
Mardan Palace-nin inşasından sonra Rusiya rəhbərliyi ilə münasibətlərinin pisləşməsindən danışan T.İsmayılov, bunu “qlobal faciə” adlandırıb.
“Mən həmin çətin vəziyyətdən çıxa bildim. Lakin düzünü deyim, Rusiyanın ali siyasi rəhbərliyinin həmin məsələyə heç bir aidiyyatı yox idi”.
Milliarder həmin gərgin vaxtlarda onun üçün Putinə müraciət etdiyi söylənilən Çeçen prezidenti Ramzan Kadırovla münasibətlərindən də danışıb:
“Mən əvvəllər Ramzan Kadırovun atası, mərhum Axmat Kadırovla yaxın dostluq edirdim. Bəli, mənim Ramzan Kadırovla çox yaxşı münasibətlərim var. Və təkcə o yox, Rusiyanın ali elitasındakı digər insanlar da xahiş edirdilər”.
Azərbaycanla əlaqələrindən danışan T.İsmayılov qeyd edib ki, Vətənində çoxlu dostları var.
“Gördüyünüz kimi, ailəmiz azərbaycanlı ailələrindən çox da fərqlənmir. Biz, bu ənənələri qoruyub saxlayırıq. Mən tez-tez Bakıda oluram. Sonuncu dəfə bir neçə ay bundan əvvəl olmuşam”.
Milliarder həmçinin yüz mindən çox azərbaycanlını necə dolandırmasından da danışıb:
“Mənim Çerkizondakı bazarımda yüz mindən çox azərbaycanlı işləyirdi. Onların hamısı bir parça çörəklərini qazanırdılar. İndi bu insanların əksəıriyyəti işsiz qalıb...”.
Azərbaycan hakimiyyəti ilə münasibətlərindən danışan T.İsmayılov bildirib ki, “mənim sizin rəhbərliklə heç bir problemim yoxdur və ola da bilməz”.
“Mən uzun illərdir ki, şəxsən tanıdığım prezident İlham Əliyevə böyük hörmətlə yanaşıram. O, Azərbaycanın layiqli lideridir və böyük atasının işini məharətlə davam etdiri”, - deyə, biznesmen vurğulayıb.
Rəylər