Mütəxəssis evdəki təmirin keyfiyyətini uzun illər qorumaq üçün gündəlik vərdişlərə diqqət etməyi tövsiyə edib.
Oxu.Az xəbər verir ki, bu barədə daxili təmir üzrə ekspert Aleksey Orexov Gazeta.Ru-ya açıqlamasında danışıb.
Ekspertin sözlərinə görə, gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər zamanla mənzilin təmirinə ciddi ziyan vura bilər.
"Küçə ayaqqabılarının altlığı ilə mənzilə daxil olan qum və xırda daşlar abraziv təsir göstərərək laminat və parketdə mikroçatlar yaradır. Bunun qarşısını almaq üçün giriş qapısının həm çölündə, həm də içərisində keyfiyyətli ayaqaltı qoymaq, dəhlizi mütəmadi olaraq tozsoranla quru üsulla təmizləmək, palçıq mövsümündə isə ayaqqabıları xüsusi altlıq üzərinə qoymaq lazımdır.
Otaqlar arasındakı qapıları mütəmadi olaraq çırpırsınızsa, bilin ki, zərbələr nəticəsində menteşələr boşalır, bərkidicilər zəifləyir və qapı çərçivəsi deformasiyaya uğrayır. Dəsmalları və ya yataq dəstlərini qapıların üzərində qurutmaq da olmaz. Nəm səbəbindən qapıların kənarları şişə bilər", - deyə o bildirib.
Orexov xəbərdarlıq edib ki, mətbəx siyirmələrinə də ehtiyatla yanaşmaq, şkaflarda yükü düzgün bölüşdürmək lazımdır. Ağır qablar mebel dəstini zədələyə və bərkidiciləri zəiflədə bilər.
Ekspert həmçinin güclü məişət kimyəvi vasitələrindən istifadə ilə bağlı xəbərdarlıq edib.
"Güclü məişət kimyəvi vasitələri, xüsusilə santexnika üçün nəzərdə tutulan turşu və qələvi tərkibli vasitələr tez-tez istifadə edildikdə kranların, akril vannaların və çanaqların qoruyucu örtüyünü zədələyir.
Xrom örtüklü kranı unitaz təmizləyicisi ilə təmizləmək xüsusilə təhlükəlidir. Xrom bunun nəticəsində qaralır və əvvəlki parlaqlığını itirir. Güclü yuyucu vasitələrdən yalnız zərurət yarandıqda istifadə edin, gündəlik təmizlik zamanı isə kranları yumşaq parça ilə silin. Bu, əhəng çöküntüsünün yaranmasının qarşısını alır və güclü təmizləməyə ehtiyacı azaldır", - deyə ekspert qeyd edib.
Orexovun sözlərinə görə, paltarların və ya nəm parçaların mərkəzi istilik radiatorlarında qurudulması da zərərli vərdişdir. Nəmin daim buxarlanması, xüsusilə yaxşı havalandırılmayan otaqlarda divarlarda və pəncərə kənarlarında göbələk və kif yaranmasına səbəb ola bilər.
Ekspert mümkün olduqda əşyaların balkonda və ya açıq havada qurudulmasını tövsiyə edib. Qışda otaqların düzgün havalandırılmamasının da mənfi nəticələrə səbəb olduğunu bildirib. Pəncərələr ümumiyyətlə açılmadıqda soyuq künclərdə kondensat yaranır və bu da divarlarda kifin əmələ gəlməsinə səbəb olur.
O, hər otağın gündə ən azı dörd dəfə 30-40 dəqiqə havalandırılmasını, bunun mikrohavalandırma rejimindən istifadə etməklə həyata keçirilməsini tövsiyə edib.
Orexov həmçinin çanağa qaynar su tökməməyi məsləhət görüb. Onun sözlərinə görə, bu, boruların və sifonun deformasiyasına səbəb ola bilər.
"Döşəmələri nəm üsulla yumaq da ehtiyatla və tez-tez olmamaq şərtilə həyata keçirilməlidir. Həddindən artıq su və yuyucu vasitələr taxta örtüklərin, kafelin və linoleumun sıradan çıxmasına səbəb ola bilər.
Laminat kimi həssas örtüklər üçün yaxşı sıxılmış parça və ya çiləyicili şvabra istifadə edin. Səthi cızmağa başlamazdan əvvəl abraziv qumu təmizləmək üçün quru təmizlik aparın. Çoxlu su ilə ümumi təmizliyi isə ayda 1-2 dəfədən çox etməyin", - deyə ekspert yekunlaşdırıb.