“Həmin məktəbdəki hadisə ilə bağlı komissiya yaradılıb. Hazırda araşdırmalar gedir. Nəticəsi barədə Təhsil Nazirliyinə və ictimaiyyətə məlumat veriləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Qafqazinfo-ya açıqlamasında Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova rayonun Qalaboynu kəndində müəllimin şagirdləri döyməsi ilə bağlı yayılan videodan danışarkən deyib.
V.Hüseynova bildirib ki, hadisə ilə bağlı bu gün sözügedən məktəbin direktoru onun qəbulunda olub: “Direktor mənə izahat verdi ki, həmin hadisə onların məktəbində olmayıb. Mən də məsələnin müəllimlər və şagirdlər tərəfindən araşdırılması üçün komissiya yaratdım. İndi komissiyanın işinin nəticəsini gözləyirik və bu barədə Təhsil Nazirliyinə də məlumat verəcəyik”.
10:10
Təhsil Nazirliyi Tovuzun Qalaboynu kənd məktəbində müəllimin şagirdi döyməsini əks etdirən görüntüləri araşdıracaq.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov Oxu.Az-a açıqlamasında bildirib ki, videodan mətbuat vasitəsilə xəbər tutub:
“Hazırda bu xəbəri oxuyuram. İnternetdə yayılan video nazirlik tərəfindən araşdırılacaq və yalnız bundan sonra bu barədə rəsmi açıqlama verəcəyik”.
9:25
Tovuzun Qalaboynu kəndində müəllimin şagirdi döyməsi telefonla çəkilib. Görüntülərdə müəllim şagirdi küncə sıxışdıraraq döyür, uşağın yalvarmasına belə məhəl qoymur. Daha sonra başqa bir şagirdi döyür.
Oxu.Az məlumat verir ki, Xezerxeber.az-ın əməkdaşları məsələni araşdırmaq üçün həmin kənddə olub və hətta elə həmin müəllimin özü ilə görüşüb. Görüntülərin montaj olduğunu iddia edən müəllim ittihamlarla razılaşmayıb.
Məktəbin hərbi hazırlıq müəllimi Mövsüm Sadıqov bildirib ki, o heç bir halda şagirdlərə zor tətbiq etmir.
Təhsil Nazirliyindən məsələyə rayon Təhsil Şöbəsinin mövqe bildirəcəyi deyilib. Gün ərzində edilən bir neçə cəhdə baxmayaraq, rayon Təhsil Şöbəsindən məsələyə münasibət almaq mümkün olmayıb.
Həmin görüntüləri təqdim edirik:
İ.N