Türkiyədən Bakıya gələn yük maşını içərisindəki əşyalarla birgə yanıb.
Oxu.Az xəbər verir ki, hadisə Ucar rayonunda, Bakı-Qazax magistral yolunun 250-ci kilometrliyində qeydə alınıb.
Bərdə rayon sakini, 27 yaşlı Pərvin Qəribovun idarə etdiyi iritutumlu yük maşını Bakı istiqamətində hərəkətdə olarkən anidən alovlanıb.
Dərhal hadisə yerinə Ucar Dövlət Yanğından Mühafizə Xidmətinin üç maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə baş verən ərazi yanacaqdoldurma məntəqəsinin yaxınlığında olduğuna görə dərhal müvafiq təhlükəsizlik tədbirləri görülüb. Alovun ətraf ərazilərə keçərək faciəyə səbəb olmasının qarşısı alınıb.
Yanğın yanğınsöndürmə briqadalarının səyi nəticəsində söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, maşın içərisində olan geyim əşyaları ilə birlikdə tamamilə yanaraq kül olub.
Yanğının başvermə səbəbləri araşdırılır.