Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Baku TV və "Teleqraf" agentliyinə verdiyi müsahibədə "ASAN xidmət"in hazırkı fəaliyyətini və əhatə dairəsini dəyərləndirib.
Oxu.Az xəbər verir ki, agentlik sədrinin sözlərinə görə, 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə əsası qoyulan "ASAN xidmət"in əsas məqsədi vətəndaşlara şəffaf, operativ və bürokratiyadan uzaq xidmət göstərmək, eləcə də dövlət qulluqçusu-vətəndaş münasibətlərini yeni müstəvidə qurmaq olub. Ötən müddət ərzində bu sistem həm keyfiyyət, həm də kəmiyyət baxımından əhəmiyyətli dərəcədə genişlənib.
"Hazırda ölkə üzrə 28 "ASAN xidmət" və 3 "ASAN kommunal" mərkəzi olmaqla, ümumilikdə 31 mərkəz vətəndaşların ixtiyarındadır. Mərkəzlərin regionlarda fəaliyyət göstərməsi və vətəndaşların qeydiyyat yerindən asılı olmayaraq xidmət alması imkanları sistemi daha da əlçatan edib.
Bundan əlavə, mərkəzi olmayan rayonlara ezam olunan 10 səyyar "ASAN xidmət" avtobusu da tələbatdan asılı olaraq bölgələrdə xidmət göstərir. Mövcud şəbəkə ölkəni tam əhatə etdiyi üçün hazırkı mərhələdə mərkəzlərin sayının artırılmasına ehtiyac duyulmur".