“14 iyun, saat 00:00-dan 16 iyun, saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq ediləcək sərtləşdirilmiş karantin rejimi müddətində “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzi fəaliyyət göstərəcək”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə dializ xəstəsi olan şəxslər “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzinə zəng edə bilərlər:
“Həmin şəxslər müvafiq tibb müəssisələrinə çatdırılmalarla bağlı müraciət edə bilərlər. ASAN könüllüləri xüsusi ayrılmış avtomobillər vasitəsilə həmin şəxslərin aidiyyəti tibb müəssisələrinə çatdırılmasını və geri qaytarılmasını təmin edəcəklər.
Bundan əlavə, təcili yardımın, kommunal xidmətlərin (işıq, su, qaz, lift xidmətləri) “Qaynar xət”lərinə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən vətəndaşlar 108 “Çağrı” Mərkəzinə zəng vurmaqla, zəruri xidmət sahələri ilə əlaqələndiriləcəklər”.
Könül Cəfərli