BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi ölkəmizdə uşaqların müdafiəsini prioritet məsələ elan edib.
Bu barədə qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvard məlumat verib.
O bildirib ki, rəhbərlik etdiyi təşkilat da daxil olmaqla, hər kəs həssas uşaqlar üçün müdafiə və dəstək imkanlarının təmin edilməsini artırmaq üçün daha çox şey etməlidir.
“Risk altında ola biləcək hər bir uşağı qorumaq üçün ata biləcəyimiz addımlar var”, - deyən E.Karvardın sözlərinə görə, bura yaxşı təlim keçmiş uşaq məsləhətçilərinə, uşaq psixoloqlarına və sosial işçilərə investisiyaların artırılması və eyni dərəcədə əhəmiyyətli olan - risk altında olan uşaq və ailələrin ehtiyac duyduqları peşəkar xidmətlərlə və dəstəklə əlaqəsinin yaradılmasına imkan verən yönləndirmə və keyslərin idarə edilməsi sistemlərinin gücləndirilməsi daxildir:
“UNICEF Azerbaijan Nümayəndəliyi hazırda təkmilləşdirilmiş yönləndirmə sistemlərinə əlavə olaraq, yeni sosial işçi proqramları hazırlamaqda və onları Azərbaycanın bir neçə rayonunda sınaqdan keçirməkdədir.
Lakin elə bu gün mən kollektivimizdən xahiş etdim ki, bunu Azərbaycandakı uşaqları müdafiə fəaliyyətimizin mütləq prioritetinə çevirsinlər. Qarşısı alına biləcək yeni-yeni faciələri gözə ala bilmərik”.
Qeyd edək ki, aprelin 4-də Bakıda 162 nömrəli məktəbdə şagird məktəb binasının üçüncü mərtəbəsindən özünü ataraq intihar edib. İki gün sonra o, çatdırıldığı xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanılıb.
Samir İsayev