Yeni tədris ilinin başlamasına artıq az müddət qalıb. Avqust ayından etibarən regionlarda yaşayan tələbələr kirayə mənzillər tapmaq üçün Bakıya axın edəcəklər.
Ekspertlər tələbələrin şəhərə gəlməsi ilə kirayə mənzil qiymətlərində artım olacağını düşünürlər.
Bəs görəsən, hazırda universitetlərin tələbə evlərində, yataqxanalarında vəziyyət nə yerdədir? Yeni tədris ilinə hazırdırlar?
Oxu.Az suala cavab almaq üçün universitetlər arasında sorğu keçirib.
Xəzər Universitetində tələbələrin kirayələməsi üçün 100 nəfərlik tələbə yataqxanası var. Sözügedən yataqxananın ikinci mərtəbəsi qızlar üçün, birinci və üçüncü mərtəbəsi oğlanlar üçün nəzərdə tutulub. Bu yataqxanada qalmaq istəyən tələbələr seçəcəkləri otaqlara görə 120-150 manat aralığında aylıq ödəniş etməlidirlər. Yataqxanada qalmaq istəyən şəxslər sentyabrın 1-dən etibarən universitetə müraciət etməlidirlər.
Bakı Dövlət Universitetin müasir standartlara cavab verən tələbə evində hər bir şərait olduğu bildirilib. Bura tələbələrin rahat yaşaması üçün camaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. ilə təmin edilir. Tələbə evi universitetin yanındadır, yataqxanadan universitetə qədər məsafə 1-2 dəqiqədir. Tələbə evinə əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa daxil olan şəxslərin övladları və s. qəbul edilir. Bir nəfər üçün aylıq kirayə haqqı 75 manatdır. Tələbə evində qalmaq istəyənlər yeni tədris ili öncəsi universitetin rəsmi mail adresinə müraciət edə bilərlər.
Bakı Mühəndislik Universitetinin oğlan və qızlar üçün 342 nəfərlik iki böyük, müasir tələblərə cavab verən tələbə yataqxanası fəaliyyət göstərir. Yataqxanadakı 77 otağın hər biri 4 nəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları var. Binalarda zəngin kitabxana, akt və fitnes zalları, iaşə və məişət xidməti fəaliyyət göstərir. Yataqxanada qalmaq istəyən tələbələr aylıq 70 manat ödəniş etməlidirlər. Müraciət üçün elan sentyabr ayından etibarən veriləcək.
Azərbaycan Dillər Universitetinin 205 tələbənin yaşaya biləcəyi tələbə yataqxanası fəaliyyət göstərir. Burada yalnız qızların qalmasına icazə verilir. Yataqxanada kirayə ödəniş haqqı isə 30 manatdır. Qiymətin münasib olmasının səbəbi yaşayışa yararlı vəziyyətdə olmasına baxmayaraq, illərdir təmir edilməməsi ilə əlaqədardır. Yataqxanada qalmaq istəyən tələbələr sentyabrın ilk on günlüyündə müraciət etməlidirlər. Müraciət üçün tələbənin ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti, universitetə daxil olduğu haqqında sənəd (əgər əvvəlki illərin tələbəsidirsə, tələbə biletinin surəti) sağlamlıq haqqında arayış, əlaqə nömrəsi , valideynin razılıq ərizəsi və əlaqə nömrəsi lazımdır. Tələbə daha sonra yataqxanaya yaxınlaşır, bəyəndiyi təqdirdə ona orada yaşamaq icazəsi ilə bağlı sənəd verilir.
Bakı Ali Neft Məktəbinin də tələbələr üçün yurd evi mövcuddur. Burada 2, 3 və 4 nəfərlik otaqlar yüksəksəviyyəli şəraitlə təmin olunub. Tələbələrin rahatlığı üçün yataqxana bütün zəruri avadanlıq və materiallarla təchiz edilib. Yerli tələbələr üçün yataqxanada qalmaq ödənişsizdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin isə 5 yataqxanası olmasına baxmayaraq, tələbələrin istifadəsinə verilə bilmir. Buna səbəb yataqxanada məcburi köçkünlərin məskunlaşmasıdır. Onlar öz yurd-yuvalarına qayıtdıqdan sonra yataqxanalar təmir edilərək, yenidən qurularaq tələbələrin istifadəsinə veriləcək.
Aygün Mirakif