Hindistanda təxminən 600 şagird "cintutma" şayiələrindən sonra təşviş içində yataqxananı tərk edib.
Oxu.Az bildirir ki, bu barədə "NDTV" telekanalı məlumat verib.
Məmurların məlumatına görə, insident Maharaştra ştatının Doma kəndində, 810 oğlan və qızın yaşadığı, qəbilə uşaqları üçün nəzərdə tutulan dövlət internat məktəbində baş verib. Bir neçə şagird qız qəfildən dayanmadan ağlamağa və gülməyə başlayıb ki, bu da panikaya və yeniyetmələrin yataqxanadan kütləvi şəkildə qaçmasına səbəb olub.
Qəbilə Məsələləri Departamentinin nümayəndələri bildiriblər ki, altı qıza dissosiativ konversion pozuntu diaqnozu qoyulub. Bu vəziyyətdə psixoloji stres heç bir üzvi pozğunluq olmadan titrəmə, iflic və qıcolma kimi real fiziki təzahürlərə səbəb olur.
Amravati rayon xəstəxanasının mütəxəssisləri müayinə apararaq fövqəltəbii səbəbləri istisna ediblər, lakin şagirdlərdə uzun müddət ağlama, qorxu, kədər və yaddaş itkisi kimi halların müşahidə olunduğunu təsdiqləyiblər. Hakimiyyət orqanları vurğulayıblar ki, simptomlar qızların "içinə cin girdiyi" üçün deyil, təhsil yükü və mənəvi gərginlik səbəbindən yaranıb və şayiələrə inanmamağa çağırıblar. Həkimlər artıq müalicəyə başlayıblar və valideynlərlə məsləhətləşmələr aparıblar, xurafatla mübarizə aparan "ANIS" təşkilatı isə qız şagirdlərlə iş aparıb.
Məmurlar və məktəb administrasiyası səkkiz gün ərzində bütün şagirdləri geri qaytarmağı planlaşdırır, yerli deputat isə onları qorxmamağa və dərsləri bərpa etməyə çağırıb.