Rus dilində danışan şəxsin olmadığı Azərbaycan ailəsi övladlarını rus bölməsinə verirlər. Bu, anormaldır, belə ki, ibtidai siniflərdə tədris konkret və dəqiq sxem üzrə həyata keçirilir: müəllim – şagird – valideyn.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, professor, fəlsəfə elmləri doktoru Telman Cəfərov deyib.
Onun sözlərinə görə, heç kim rusdilli ailənin övladlarını rus bölməsinə qoymasına qarşı çıxa bilməz.
“Üstəlik, Azərbaycan Respublikasının Konstitusiyası buna imkan verir. “Təhsil haqqında” qanunda maddə var - vətəndaşlar hər hansı təhsil mərhələsində istədikləri dildə təhsil almaq hüququna malikdirlər. Ancaq indi belə bir tendensiya var ki, hamı kor-koranə rus bölməsinə gedir. Uşaq rus dilində bir söz bilmir, bu dildən anlayışı olmayan valideynlər isə onu rus bölməsinə qoyurlar. Bu, fəlakətdir.
Bu, gələcəkdə uşağın hazırlığında da öz əksini tapacaq, həm məktəbə, həm də uşaqların özünə problem yaradacaq. Bu templə biz Bakı məktəblərində Azərbaycan bölməsindən məhrum ola bilərik. Biz uşaqların rus bölməsinə axınına hazır deyildik. 2-3 il əvvəl belə şeylər olmurdu. Bizdə ibtidai siniflərdə rus dilinin tədrisi üçün kifayət qədər müəllimlər var”, - müsahibimiz bildirib.
Professorun fikrincə, rus bölməsinə qəfil sevginin səbəblərini anlamaq üçün aşağıdakı amilləri diqqətlə nəzərdən keçirmək lazımdır:
“Birincisi, əmək bazarına baxaq. Heç kimə sirr deyil ki, rus dilini bilmədən Bakıda normal iş tapmaq çətindir.
İkincisi, Bakı beynəlmiləl şəhərdir. Ölkəmizin Rusiya və MDB ölkələri ilə sıx əlaqələri var.
Üçüncüsü, belə bir fikir formalaşıb ki, rus bölməsindəki müəllimlər daha nəzakətli, hazırlıqlı və uşaqlarla münasibətdə çevikdirlər, müasir uşaqların davranışlarına və ehtiyaclarına anlayışla yanaşırlar.
Dördüncü və ən əsası – bu, resurslardır. Sirr deyil ki, rusdilli insanlar üçün təhsil və elektron resurslar daha çoxdur”, - Cəfərov əlavə edib.
O bildirib ki, rus dilinin qadağasından danışmaq qəbuledilməzdir, bunun əvəzinə, “qızıl orta”nı tapmaq lazımdır.
Təhsilin yeni modeli
Müsahibimiz hesab edir ki, inkişaf etmiş ölkələrin təcrübələrinə müraciət etmək vacibdir. Finlandiya və ya Almaniyada olduğu kimi, ikidilli təhsil vermək olar. Bunun üçün yeni təhsil standarlarını, təhsilin çevik və dinamik modelini təklif etmək lazımdır. Yeni modeldə ana dili və öyrənilən dil məhdudlaşdırılmayacaq.
“Bütün hallarda həm rus, həm də Azərbaycan bölmələrində doğma dilimizi önə çəkməliyik. Və ən başlıacası, başa düşmək lazımdır ki, söhbət Azərbaycan məktəblərindəki rus bölmələrindən gedir. Əlbəttə ki, üstünlük Azərbaycan dilində təhsilə verilməlidir. Ancaq təkrar edirəm ki, Azərbaycanda rus bölməsindən tam imtinadan söhbət gedə bilməz”, - ekspert qeyd edib.
Bundan öncə, Xalq yazıçısı, Yazıçılar Birliyinin (AYB) katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev Oxu.Az-a açıqlamasında bununla bağlı fikir bildirərkən deyib ki, Azərbaycanda ilkin təhsil və tədris məhz ana dilində olmalıdır.
Ə.Ş.
www.oxu.az