Sosial şəbəkələrdə izlənmə rekordu qıran videodan yəqin ki, çoxlarının xəbəri var. Bəli, söhbət balaca oğlan uşağı ilə stomatoloqun maraqlı söhbətindən gedir.
Paylaşılan videogörüntülərdə uşağın həkimdən qorxduğu və ondan dişini çəkməməsini xahiş etdiyi görünür.
Lakin videonun sonunda həkimin balacanın dişini çəkib-çəkmədiyi bilinmir.
Oxu.Az-ın əməkdaşı sözügedən video ilə qısa müddətdə sosial şəbəkələrdə fenomenə çevrilən həkim-stomatoloq Fərman Əliyevlə əlaqə saxlayıb.
Həkim Quba rayonunda fəaliyyət göstərən tibb müəssisələrindən birində çalışır. Həmin balaca oğlanın isə adı Babadır.
F.Əliyev deyir ki, hər kəs bu balacanın Moti deyə çağırır:
“Uşaq həm də uzaqdan-uzağa bizə qohum düşür. Qubanın dağ kəndi olan Söhüb kəndindəndir. Dekabrın 27-də gəlmişdi yanıma. Daimi pasiyentimdir. Uşaq çox hazırcavab, sərbəst uşaqdı. Gələndən deyirdi dişimi çəkmə. Mənim özümə də maraqlı oldu, onunla dialoqumuzu telefonla çəkdim. Bəziləri elə bilir videonu anası çəkir, amma xeyr. Mən özüm çəkmişəm. Uşaq çox qorxurdu deyə, onun fikrini yayındırmağa çalışırdım ki, narahat olmasın”.
Həkim deyir ki, bu videonun sosial şəbəkələrə düşəcəyi və bu qədər sürətlə tirajlanacağını düşünməyib:
“Mən videonu çəkmişdim ki, evdə uşaqlara da göstərərəm. Ümumiyyətlə, uşaqları çox sevirəm. Elə öz uşaqlarımla da belə maraqlı videolar çəkirəm. Bu videonu “Whatsapp” hesabında “story” bölməsinə qoydum. Telefonumda olan 200-ə yaxın pasiyent, yoldaşlar, tanışlar hamısı bu uşaqla maraqlandı, videonu istədilər. Bir də gördüm ki, hamı deyir ki, nə şirin uşaqdı.
Könül Cəfərli