Beləliklə, Azərbaycanın daha bir “milli” bayramı yaxınlaşdı – Müqəddəs Valentin günü. Bu bayram artıq Milli Bayraq günü və ya Konstitusiya günü kimi xalq arasında populyar olmayan bayramları kölgədə qoyub. Bu hələ harasıdır, bəzi gənclər mayın 28-də nəyi qeyd etdiyimizi belə bilmirlər! Amma Müqəddəs Valentin günü – hə, bu bayramdır, həm də müqəddəs bayram, məsxərəyə görə üzr istəyirəm.
Nə etmək olar?! Bu şərqlilər çəhrayı rəngli, bərli-bəzəkli hər şeyi sevirlər. Hələ bir lələk də düzülsə lap əla. Üstəlik bir ürəklə və ağlamalı məhəbbət hekayətləri əlavə edilərsə uğur 100 faiz təmin edildi. Ona görə də bu xristian bayramı lap yerinə düşür.
Həm də illər keçdikcə vəziyyət lap ağlamalı olur: restoranlar “şam işığında romantik gecələr” təşkil edir, otellər isə öz sevgilinizlə unudulmaz, ehtiras dolu gecə keçirməyi təklif edirlər. Elə bir təəssürat yaranır ki, azərbaycanlı kişi “ehtiras dolu gecəyə” ildə bir dəfə vaxt ayırır, bu həvəs həm də çoxdan dünyasını dəyişmiş şübhəli reutasiyası olan müqəddəsin şərəfinə olur.
Bəli, bəli, səhv eşitmədiniz. Əgər bizə gəlib çatan əhvalatlara inansaq, o elə də müqəddəs olmayıb. Əfsanə qırmızı ürək və gözyaşı dolu məhəbbət hekayələrini sevənlər tərəfindən bəzədilir. Bu müqəddəs Valentin cavan yaşlarında roma legionerlərinin qadınlarla əlaqəsini bacardığı qədər mükafatlandırıb, ayrılanları barışdırıb. Bu isə II Yuliy Kalvdiya xoş gəlmir, çünki bu, cəsur döyüşçüləri onların vəzifələrindən yayındırırdı. Müasir dünyada bu adamın etdiyi hərəkətin müəyyən adı var və qanunla cəzalandırılır.
Sonra hekayətə görə, Valentini barmaqlıq arxasına atırlar (Maraqlıdır niyə? Görəsən həqiqətən kəsdiyi kəbinlərə görə?). Buna baxmayaraq yepiskop burada özünü itirmir və həbsxana rəisinin qızını şirnikləndirir. Razılaşın ki, belə davranış din xadiminə xas olmamalıdır. Bəziləri qızın kor olduğunu iddia edirlər. Valentin onu sağaldacağına söz verir. Bu sadəcə bütün dövrlərdə olan, özlərini müqəddəs kimi qələmə verən və möcüzə yaradacaqlarını vəd edənlərin tanınmış üsuludur.
Görünüşə baxılırsa bu şıltaqlıqdan sonra Valentini edam etmək fikrinə düşürlər. Edamdan bir müddət öncə o, qıza vida məktubu yazır, onun tərkibi haqqında nəyə görə isə tarix susur, imza isə “Sənin Valentinin” olur. Deyilənə görə, buradan bir-birinə valentinka açıqcasını vermək adəti meydana gəlib. Elə yepiskopun edam gününə təyin edilən “bayram”ın özü də Yunan məhəbbət ilahəsinin şərəfinə həsr edilən günlə üst-üstə düşür.
Bax, beləcə xristian və bütpərəstlik hekayətlərindən bir miks alınır, bunu isə bizim həmvətənlərimiz qeyd edir. Özü də necə qeyd edirlər, canfəşanlıqla. Düşünürəm ki, 14 fevralı tezliklə əsl toy kimi yüzlərlə qonaq, çal-çağırla da qeyd edəcəklər.
Əlamətlər göz qabağındadır. Sanki özünə hörmət edən bütün restoran, kafe və barlar Bakıda “Sevgililər günü üçün xüsusi təklif hazırlayıblar”. Gözəllik salonları da kənarda qalmayıb – onların dırnaqlarında ürək rəsmi olan iyrənc çəhrayı şişkin dodaqları ilə reklam şəkilləri adamın gözünü qaraldır.
Ehtimal etmək lazımdır ki, bu müəssisələrin müdirləri - mən buna əslində şübhə edirəm - xristian yepiskopunun çəkdiyi əziyyət sayəsində gəliri hesablayaraq əllərini bir-birinə sürtürlər. Düzünü desək çoxdan dünyasını dəyişmiş bu Valentin bizim ölkədə növbəti dəfə milləti soymaq üçün səbəbdən başqa bir şey deyil.
Bütün növ otel və ümumi qida müəssisələrinin, eləcə də gül, ətriyyat mağazalarının Valentin günü əldə etdikləri gəlirini yalnız yeni ildə olan gəlirlə müqayisə etmək olar. Bu günlərdə bizim sadəlövh vətəndaşımız əməlli başlı sərvət xərcləməyə hazırdır.
Çoxları deyəcək ki, bu bayramda pis heç nə yoxdur. Amma icazə verin etiraz edim. Bəli, bəlkə haradasa Avropada bu bayram təbii və orqanik görünür. Amma ehtimal etmək lazımdır ki, sıravi avropalı Müqəddəs Valentinə görə, bizim ölkədə olduğu kimi sərvət xərcləmir.
Və əgər Sevgililər gününü qeyd etmək lazımdırsa, bu bizdə 14 fevralda deyil, 30 iyundadır – İlham və Fərizənin toy günündə. Bax, onların sevgisi faciəvi sonlansa da əsl məhəbbətin nümunəsidir. Hansısa yepiskop barədə şübhəli nağıldansa, bu tarixi qeyd etmək mənə daha uyğun gəlir.
Əflatun İsrafilov