Bakı, Sumqayıt və Abşeronda minlərlə 9-cu sinif şagirdi üçün keçirilən buraxılış imtahanlarının birinci mərhələsindən həm şagirdlər, həm də valideynlər narazı qalıblar.
Oxu.Az XəzərXəbər-ə istinadən məlumat verir ki, buna səbəb isə yeni üsulla verilən imtahanın şagirdlərə 9 il ərzində keçilən kurrikuluma uyğun olmamasıdır.
Belə ki, indiyədək bütün hazırlıq vəsaitlərində qapalı testlərə, yəni bir sual 4 cavab seçiminə əsaslanan təcrübəyə öyrəşən şagirdlərə, birdən-birə seçim bəndi olmayan açıq sualların verilməsi ciddi narazılıq yaradıb.
Narazılığa əsas səbəb şagirdlərin açıq tipli suallarda heç bir təcrübəyə sahib olmadığı halda sualların 75 faizinin bu cür suallardan ibarət olması olub.
Valideynlər bildirir ki, imtahanların yeni üsulla keçirilməsi ilə bağlı şagirdlərə müfəssəl məlumat verilməyib və imtahanda əldə edilən arzuolunmaz nəticələr övladlarının sonrakı mərhələdə uğur qazanmasına ciddi əngəl törədə bilər.
Bu imtahan həm də kurrikulum üsulu ilə təhsil alan şagirdlərin ilk sınağıdır. Valideynlər deyir ki imtahanın açıq testlə keçirilməsi heç kurrikulum üsulunun effektivliyini də yoxlamağa imkan vermir.
Valideyn və şagirdlərin digər şikayəti isə səhər saat 9-dan onların imtahan üçün çağırılması və imtahanın isə saat 11-də keçirilməsidir. Bu isə şagirdlərdə əlavə stress yaradıb.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirir ki, imtahanların yeni formatda keçirilməsi ilə bağlı şagirdlərə və ictimaiyyətə hələ dekabr ayından məlumat verilib.
Sektor müdiri bunu da bildirib ki, hətta imtahanlarda yeni üsulun tətbiqi və onun nədən ibarət olması ilə bağlı böyük həcmdə seminarlar keçirilib və bütün təhsil verən məktəblərin rəhbərliyi bu barədə məlumatlandırılıb.
İmtahanın 2 saat sonra keçirilməsinə gəldikdə isə Xanlar Xanlarzadə bildirdi ki, buna səbəb imtahana gecikmə hallarının qarşısını almaq olub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İ.N