Əgər işdəsinizsə ətrafa bir boylanın. Kimi gördüyünüzü bilirsiniz? Xeyr, əməkdaşlar deyil. Daha doğrusu, əməkdaşlardır, bu təbiidir, amma eyni zamanda, ətrafınızda olan adamların demək olar ki, yarısı Azərbaycan banklarının real sərmayəçiləridir. Bunu mən demirəm, bu iddianı Azərbaycanın Mərkəzi Bankı (AMB) irəli sürür. Onun statistikasına uyğun olaraq ölkənin hər min vətəndaşından 473 nəfəri, yəni 47%-i bank yatırımçısıdır. Bu rəqəmlər sənəddə çox gözəl səslənən “2015-ci il üçün pul siyasəti və maliyyə sabitliyinin əsas istiqamətləri barədə” ad altında verilib. Amma sətirarası oxumağı bacaranlar burada çox sayda xoşagəlməyən an görəcəklər. Xüsusilə də Azərbaycanın Vergi Məcəlləsinə dəyişikliklər və düzəlişlər barədə təşəbbüs nəzərə alınarsa...
Siz yəqin ki, bu barədə eşitmisiniz. Söhbət fiziki şəxslər üçün sərmayələr üzrə gəlirə olan sıfır vergi faizinin ləğv edilməsindən gedir. Əgər bu mürəkkəb cümləni anlaşılan dilə çevirsək, uzun illər boyu banklardan aldığımız pullardan 10% vergi tutulacağı anlamı ortaya çıxacaq.
Nəzəri olaraq, bizə ümumi sərmayə vergisi tətbiq edildiyini düşünə bilərik. Hamıya olmasa da, əksəriyyətinə qarşı belə olacaq. Bilirsiniz niyə? Mərkəzi Bankın bəyanatına görə, fiziki şəxsin depozitinin orta məbləği, bizim ölkəmizdə 745 manata bərabərdir. Amma belə kiçik məbləğ, kiçik sərmayələr sanballı depozitlərlə tarazlaşır və sanballı depozitə sahib olanlar daha çoxdur.
Dövlət, əlbəttə istənilən vergini tətbiq edə, faiz artıra, eləcə də əksinə, onları ləğv edə bilər. Bu zaman son məqsəd vacibdir. Yəni, belə bəyanatlarla çıxış edən insanlarda perspektivlərə dair dəqiq baxış olmalıdır. Onlar bu qismdən olan yeniliklərin nə ilə nəticələnəcəyini anlamalıdırlar. Əgər məsələyə yanaşma, məhz neftin qiymətinin ucuzlaşması nəticəsində dövlət büdcəsində yaranan dəliyin qapanmasına yönəlibsə, bu mövqe yalnız təəssüf doğurur. Nəticələr də daha pis ola bilər.
Yenidən rəqəmlərə müraciət edək. Bank faizləri elə də yüksək deyil. Mərkəzi Bank iddia edir ki, orta faiz 9,4%-ə bərabərdir. Amma belə faizlə də sərmayəçilər 450 milyon manat gəlir əldə ediblər. Belə çıxır ki, əgər bu vergi sistemi keçən ildən fəaliyyət göstərsəydi, dövlət vergilər qismində 45 milyon manat əldə edərdi. Azərbaycan üçün bu, cüzi məbləğdir və bu məbləğ yalnız hansısa kiçik bir infrastruktur layihəsini işə salmağa yetər. O zaman bu oyuna başlamağa dəyərmi?
Problem ondadır ki, bizim sizinlə azad pullarımızdan istifadə üçün elə də geniş seçimimiz yoxdur. Axı siz 10 min manata qızıl və ya brilyant alıb və bu xəzinəni zirzəmidə və ya damda gizlətməyəcəksiniz. Doğrudur? Axmaqlıqdır, çünki pullar istifadə edilərək gəlir gətirməlidirlər. Bəs pullarınızı nəyə yatıra bilərsiniz? Qiymətli kağıza? Demək istəyirsiniz ki, əsginas və ya aksiya alacaqsınız? Bu, ciddi fikir ola bilməz. Hər şey almaq olar, amma bunun üçün ölkədə qiymətli kağızlar bazarı olmalıdır. Düşünmürəm ki, Azərbaycanda qiymətli kağızlar bazarının incəliklərindən anlayışı olan çox adam var. Bu sahənin infrastrukturu isə aşkar şəkildə çatışmır: diller və broker kontoru çox azdır, konsultasiya şirkətlərindən danışmıram. Deməli, belə çıxır ki, ölkədə korporativ aksiya bazarı demək olar ki, var, amma bu alətlərə investorlar isə yoxdur.
Ona görə də insanlar pulları passiv şəkildə banklarda saxlayır, orada təmiz və ütülü yaxalıqlı köynək geyinmiş yaraşıqlı oğlanlar bu pulları lazımlı və sərfəli işə yatırım edərək gəlir əldə edəcəklər, bank isə bunun müqabilində faizləri bölüşəcəyinə ümid edir. Bəs dövlət gəlirinizdən vergi tutsa yenə də banka müraciət edəcəksinizmi? Razılaşın ki, həvəssiz edəcəksiz. Ona görə də bankdan kapital axınını gözləmək lazımdır.
Bankdan çıxardığınız pullarla nə edəcəksiniz? Doğrudur, mənzil, ticarət obyekti (əgər maliyyəçi bacarığınız varsa) və ya sadəcə torpaq sahəsi alacaqsınız. Məhz nə alacağınız mühüm deyil. Siz sadəcə bank hesabınızdan pulları çıxaracaqsınız, onu sizə real gəlir gətirəcək bir sahəyə yatıracaqsınız.
Bəli, daşınmaz əmlakın qiymətinin daimi artımı mübahisəli məsələdir. Amma bəzi sərmayəçilər məhz belə edəcəklər. Daşınmaz əmlaka pulu çatanlar sadəcə onu alıb qiymətin bahalaşmasını gözləyəcəklər. Və təbii ki, bu, əmlak bazarında onsuz da son iki ildə yetərincə yüksələn qiymətlərin bir daha artmasına səbəb olacaq. Mərkəzi bank bəyan edir ki, 2014-cü ilin yanvar-noyabr dövrü üçün əmlak bazarının dövriyyəsi 25% artıb, 2013-cü ildə onun artımı 2012-ci il ilə müqayisədə 40%, 2012-ci ildə 2011-ci il ilə müqayisədə isə 25% olmuşdu.
Dünyamalı Nurşərəf