Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vətən müharibəsi iştirakçısı icra hakimiyyətindən şikayətçidir: "Mənə kömək edən yoxdur"
Gəncə şəhər sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı işsizlikdən və ona diqqət ayrılmamasından şikayətçidir.
Bununla bağlı Oxu.Az-a müraciət ünvanlayan Arzu Müşfiq oğlu Əsədov Gəncə şəhərinin Poçt qəsəbəsində, Şəki küçəsi, ev 64-də yaşadığını bildirib.
O qeyd edib ki, 44 günlük müharibədə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə sol ayağından iki snayper gülləsi yarası alıb:
"Hazırda hər iki ayağım yaralıdır. Səhhətimdə problemlər var. Təəssüf ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən mənə kömək olunmur, deputatımız maraqlanmır. Kirayədə qalıram və kirayə pulunu ödəyə bilmirəm. Əlilliyimlə bağlı heç yerdə işə götürmürlər. İki aylıq südəmər övladım var. Mənə kömək edən yoxdur", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin Oxu.Az-ın sorğusuna cavabı lakonik olub:
"Vətən müharibəsi iştirakçısı Arzu Müşfiq oğlu Əsədov rəsmi müraciəti əsasında Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış yerinə ehtiyacı olan qismində mənzil uçotuna alınıb".
Məsələ ilə bağlı "YAŞAT" Fondundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Vətən müharibəsi əlili Arzu Müşfiq oğlu Əsədovun "YAŞAT" Fonduna məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə daxil olan müraciətinə əsasən, 17 mart 2021-ci il tarixində bank hesabına 2500 AZN məbləğində vəsait köçürülüb.
"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, bütün əhali sığorta olunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaq hüququna malikdir.
Bu səbəbdən fondun əhatə dairəsinə daxil olan şəxslərin də müalicə məsələləri ilə əlaqədar ərazi üzrə tibb müəssisəsinə müraciət etmələri tövsiyə olunur ("1542" çağrı mərkəzi). Fond tərəfindən yalnız İcbari Tibbi Sığorta çərçivəsində təmin olunmayan tibbi xidmətlərlə (stomatoloji xidmətlər istisna olunmaqla) bağlı müraciətlərə baxılır.
Eyni zamanda, şəxsin müraciətində qeyd etdiyi işlə təmin olunma məsələsi fondun səlahiyyətləri xaricindədir. Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilə bilər ("142" çağrı mərkəzi).
Vətəndaş "YAŞAT" Fonduna dərman vasitələrilə təminat və İTS-in xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlər üzrə müvafiq sənədlərini təqdim etməklə, "8110" çağrı mərkəzi vasitəsilə, yaxud yashat.gov.az elektron portalı üzərindən müraciət edə bilər", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Şirkət rəhbəri vətəndaşları necə aldadıb?
- Qobu qəsəbəsinin KEÇİLMƏZ YOLLARI: "Nəinki piyadaların, heç avtomobillərin hərəkəti MÜMKÜN DEYİL"
- Ağdaşda məktəblilər üçün böyük TƏHLÜKƏ: "Piyada nişanı var, xətti isə yoxdur"
- Masazırda içməli su dörd aydır küçəyə axır: "Qaza bilmərik, qurumların icazəsi lazımdır"
- Bir çox avtomobil nömrələrini RADARLAR SƏHV "GÖRÜR": Ölkəyə yeni nömrəoxuyan cihazlar gətiriləcək?