Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vətən müharibəsinin 17-ci günü - Düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilir
2020-ci il oktyabrın 13-ü - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on yeddinci günü.
Oxu.Az xatırladır ki, şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.
Lakin döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən yenə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Səhər saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini yenidən atəşə tutur. Həmçinin, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə məruz qoyur. Bununla da 17 gün ərzində 1 479 ev, 66 çoxmənzilli yaşayış binası və 241 mülki obyekt yararsız vəziyyətə düşür.
Azərbaycan Ordusu düşmənin cavabını yenə də döyüş meydanında verir. Silahlı qüvvələrimiz tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də üç ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, bir ədəd "Tor-M2KM" zenit-raket kompleksi, bir ədəd "ZSU-23-4" "Şilka" özüyeriyən zenit qurğusu, iki ədəd "PDM-2", üç ədəd 2A36 "Qiasint-B" topu, bir ədəd "KS-19" zenit topu, bir ədəd "D-20" haubitsa topu, üç ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.
Habelə, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilir, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınır, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılır. Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Qarakilsə rayonu istiqamətindən işğal edilən ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət qrup atəş zərbəsi ilə məhv edilir.
Azərbaycan Ordusu cəbhədə, Prezident İlham Əliyev isə diplomatiya sahəsində düşmənin cavabını verir. Dövlət başçısı Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibəsində müharibədə əcnəbi vətəndaşların iştirakı ilə bağlı Qərb mətbuatının yalanlarını üzlərinə çırpır:
"Baxsınlar Ermənistana, orada nə qədər əcnəbi terrorçular var. PKK-nın düşərgələri var orada. O cümlədən Qarabağda PKK-nın düşərgələri var. Biz bu bölgəni işğalçılardan təmizləyəndən sonra o düşərgələri də məhv edəcəyik. Nə qədər əcnəbi bu gün bizə qarşı bu döyüşlərdə iştirak edir. Orada öldürülən terrorçuların üzərindən Kanada pasportları, Livan pasportları çıxıb. Onlar erməniəsillidirlər, ya da ki erməniəsilli deyillər, bu, başqa məsələdir. Başqa ölkənin vətəndaşı gəlib bizə qarşı müharibə aparır. Bunlar muzdlulardır.
Bir də deyirlər ki, Türkiyə Azərbaycana hərbi yardım edir. Bilirsiniz, Türkiyə bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz artıq böyük sınaqlardan çıxıb. Biz Türkiyədən hərbi texnika alırıq, ancaq biz başqa ölkələrdən də alırıq. Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. Niyə almayaq? İndi baxın, Ermənistan nə edir? Biz pulla alırıq. Məndə tam siyahı var, o, sonra dərc ediləcək. Amma bir neçə məsələyə diqqətinizi çəkmək istəyirəm. Bu iki həftə ərzində Ermənistanın 200-dən çox tankı məhv edildi, 33 tank qənimət götürüldü. Yəni 233 erməni tankı bizdədir. Ondan sonra iki "S-300" qurğusu məhv edildi. Hər birinin qiymətini hər kəs bilir. Ondan sonra hava hücumundan müdafiə sistemləri - "OSA-35" məhv edildi. TOR, KUB, KRUQ, karqo avtomaşınları, tank əleyhinə silahlar. Əgər hamısını hesablasan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir. Sual olunur, kasıb Ermənistan, sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı? Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir. Verirlər və davam edir".
Bir sözlə, müharibənin 17-ci günündə də üstünlüyün Azərbaycan Ordusu tərəfində olması bütün ərazilərimizdə tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.
Mərahim Nəsib
"44 günlük Vətən müharibəsi" teqi üzrə xəbərlər
- Müharibəyə Kəlbəcərdən başlayan komandir: "Tovuzlu əsgərimin anasına dedikləri hələ də qulağımdadır"
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı
- Vətən müharibəsi ilə bağlı filmlərin çəkilişinə ayrılan vəsait AÇIQLANDI
- Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
Rəylər