Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vətən müharibəsinin 35-ci günü: Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilir
2020-ci il oktyabrın 31-i, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz beşinci günü.
Oxu.Az xatırladır ki, oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutur.
Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edir.
Gecə saatlarında və gün ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, beş "T-72" tankı, üç ədəd PDM, iki ədəd "Smerç" və üç ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, 15 ədəd müxtəlif tipli topu, bir ədəd "Osa" zenit-raket kompleksi, bir ədəd radioelektron mübarizə stansiyası, üç ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.
Düşmən 6:00-dan etibarən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutur.
Günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilir. Məlum olur ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərir. Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılır və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayır. Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün "KamAZ" markalı ikinci avtomobilə minmələri də müşahidə edilir. İçərisi silahlı hərbçilərlə dolu olan bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edilir.
Azərbaycan Ordusu ön xətdə, Prezident İlham Əliyev isə diplomatiya cəbhəsində təxribatların qarşısını uğurla alırlar. Almaniyanın ARD televiziya kanalına müsahibəsində Ali Baş Komandan "kim birinci atəş açdı" sualına belə cavab verir:
"Cavab - Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci - iyul ayında törədildi. O zaman onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz oldu. İkinci cəhd avqust ayında baş verdi. Ermənistan diversiya qrupu göndərmişdi, onun başçısı tərəfimizdən saxlanıldı və o ifadə verdi ki, mülki şəxslərə hücum etmək üçün göndərilib. Üçüncü dəfə sentyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu belə başladı".
Beləliklə, müharibənin 35-ci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.
"44 günlük Vətən müharibəsi" teqi üzrə xəbərlər
- Müzəffər Ordumuzun şanlı ZƏFƏR PARADININ DÖRDÜNCÜ İLİ
- Fuat Oktay: "Bizim güclərimizi birləşdirməyimizə ehtiyac var"
- Sahibə Qafarova: "44 günlük Vətən müharibəsi və antiterror tədbirləri haqsızlığa son qoydu"
- Fuat Oktay: "Bakını Ankaradan, Ağdaşı İzmirdən ayırmırıq"
- Müharibəyə Kəlbəcərdən başlayan komandir: "Tovuzlu əsgərimin anasına dedikləri hələ də qulağımdadır"