Xəzər rayonunun Binə qəsəbəsinin Südçülük massivindəki Elmir Orucov küçəsində sakinlərin öz hesablarına asfalt çəkdirməsi ilə bağlı məsələyə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən münasibət bildirilib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, kanalizasiya xəttinin çəkilişindən əvvəl ərazinin mövcud vəziyyəti, qazıntı sahəsinin ölçüləri foto və aktla sənədləşdirilərək təhvil alınır.
Məlumatda vurğulanıb ki, xəttin çəkilməsi başa çatdıqdan sonra xəndək lay-lay doldurulub sıxlaşdırılır, torpağın oturuşması və stabilləşməsi üçün müəyyən müddət gözlənilir, daha sonra isə yolun əsas qatı vurulur:
"Qazıntıdan əvvəl ərazi necə təhvil alınıbsa (torpaq, çınqıl, asfalt və s.) həmin formaya bərpa edilərək təhvil verilir. Sözügedən ünvanda İŞBSTX-nin tullantı su şəbəkəsi mövcud deyil.
Tullantı su sistemi olmayan ərazilərdə "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə müvafiq layihə sənədləri hazırlanıb.
Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası isə tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır".
Son vaxtlar paytaxtın bir çox ərazisində asfaltlama işləri çoxalıb. İlk baxışdan bu, adi və hətta müsbət xəbər kimi səslənir.
Amma məsələnin qəribə tərəfi ondadır ki, bəzi küçələrə asfaltı aidiyyəti dövlət qurumları yox, elə həmin küçələrin sakinləri öz pulları hesabına çəkdirirlər. Sübut üçün Bakı şəhərinin qəsəbələrindən yalnız birinə, Binəyə baxmaq kifayətdir. Söhbət Xəzər rayonu, Binə qəsəbəsinin Südçülük massivində yerləşən Elmir Orucov küçəsindən gedir.
Burada sakinlər küçələrin asfaltlanması üçün özləri pul toplayırlar. Adambaşına 300-500 manatdan yığılır. Məbləğ isə asfaltlanacaq küçənin uzunluğuna və görüləcək işin həcminə görə dəyişir.
Bu barədə Oxu.Az-a sözügedən ərazidə yaşayan əməkdaşımız məlumat verib.
İşin daha düşündürücü tərəfi isə odur ki, illərdir kanalizasiya sistemi olmayan bu ərazinin məhəllə küçələri asfaltlanır. Halbuki asfalt çəkilməzdən əvvəl kanalizasiya və digər zəruri yeraltı kommunikasiya xətləri, eləcə də yağış sularının axıdılması üçün drenaj sistemi qurulmalı idi.
Çünki nə vaxtsa bu sistemlərin çəkilməsi yada düşərsə, indi sakinlərin öz vəsaitləri hesabına çəkdirdikləri asfalt yenidən qazıla və sökülə bilər. Beləliklə, insanlar həm illərdir həll olunmayan infrastruktur probleminin içində yaşayır, həm də heç olmasa küçələrinin palçıqlı vəziyyətdən çıxması üçün cibindən pul xərcləməli olurlar.
Bakının müxtəlif ərazilərində minlərlə belə küçə var. Sakinlər birləşir, pul yığır və yollarına asfalt çəkdirirlər. Biz isə yalnız onlardan birini göstərdik.
Bəs aidiyyəti qurumlar haraya baxırlar? Vətəndaş nə vaxtdan yaşadığı küçənin asfaltını özü çəkdirməli olub? Büdcədən bu məqsəd üçün ayrılan vəsaitlər hara xərclənir?
Qeyd edək ki, məsələ ilə bağlı məsuliyyət daşıyan bütün qurumlara sorğu ünvanlanıb.