Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 400 kvadratmetr olan mağazada yerləşən vitrin soyuducularda baş vermiş yanğın genişlənərək mağazaya və binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində altı ədəd vitrin soyuducu və mağazanın plastikdən ibarət divarı 6 kvadratmetr sahədə yanıb.
Mağazanın böyük hissəsi və yaşayış binası yanğından mühafizə olunub.