Xaçmazda mağaza sahibi alış-veriş edən qadının satıcını çaşdıraraq mağazadan pul və məhsulla çıxıb getdiyini iddia edir.
Bununla bağlı görüntülər Oxu.Az-ın qaynar xəttinə daxil olub.
Mağaza sahibinin sözlərinə görə, hadisə təxminən üç gün əvvəl Xaçmaz şəhəri, Bakı prospektində baş verib.
İddiaya əsasən, qadın əvvəlcə satıcıya 100 manatlıq əsginas təqdim edib. Daha sonra pulun xırdası olduğunu deyərək vəsaiti geri alıb və 96 manat istəyib. Nəticədə satıcının fikri yayınıb. Beləliklə, mağaza sahibi qadının həm məhsulu, həm təqdim etdiyi 100 manatı, həm də əlavə 96 manat aldığını qeyd edib.
O, həmin şəxsin müəyyən edilərək tapılmasına kömək göstərilməsini xahiş edib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır:
"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".